...

2011-ci ildə Bakı qəsəbələrində güzəştli maliyyələşdirməyə 30,6 milyon manat ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2011 15:30 (UTC +04:00)
Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Bakı qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə güzəştli şərtlərlə 810 min manat dəyərində kredit verilib.
2011-ci ildə Bakı qəsəbələrində güzəştli maliyyələşdirməyə 30,6 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir N.İsmayılova/

Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Bakı qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə güzəştli şərtlərlə 810 min manat dəyərində kredit verilib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

"Bu vəsaitlər hesabına layihələrin həyata keçirilməsi 90-a yaxın yeni iş yerinin açılmasına imkan yaradır" , - Abdullayev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirilən növbəti kredit yarmarkasının yekunları üzrə bildirib.

Onun sözlərinə görə, SKMF 2011-ci ildə ümumilikdə 1473 layihənin maliyyəşdirilməsi üçün 122,7 milyon manat dəyərində güzəştli kredit verib. Bu layihələrin həyata keçirilməsi 5700-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

"Bakı qəsəbələrində maliyyələşdirmə üçün 192 investisiya layihəsinin həyata keçirilməsinə ümumilikdə 30,6 milyon manat ayrılıb ki, bu da 1300-dən çox yeni iş yerinin açılmasına kömək edir", - Abdullayev bildirib.

Onun sözlərinə görə, onlardan yeni texnologiyanın tətbiqi ilə 23 investisiya layihəsinin həyata keçirilməsinə Fond 28,4 milyon manat yönəldib, qalan 2,2 milyon manat isə 169 investisiya layihəsinə ayrılıb.

Ölkə paytaxtının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı məsələləri üzrə 2011-ci ilin martın 9-da keçirilən yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyev SKMF-nin fəaliyyət praktikasını dəyişməyi tapşırıb. Buna qədər SKMF əsasən ölkənin regionlarında güzəştli maliyyələşdirmə təqdim edirdi.

SKMF 1992-ci ildə yaradılıb. Ümumilikdə, 2006-2011-ci illərdə SKMF dövlət büdcəsindən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsinə 453,1 milyon manat ayırıb.

Noyabrın 18-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti