...

BP və tərəfdaşları Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə yeni layihəyə başlayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2011 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

BP və onun "Azəri-Çıraq-Günəşli" (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz" (ŞD) və Cənubi Qafqaz boru kəməri (CQBK) layihələrindəki tərəfdaşları bu gün BTC və CQBK boyunca yaşayan icmalara dəstək məqsədilə mühüm bir davamlı inkişaf təşəbbüsünə başladıqlarını elan ediblər.

Trend-in məlumatına görə, layihənin məqsədi kənd təsərrüfatı sektorunda çalışan icma üzvləri üçün davamlı gəlir imkanları yaratmaq, onları lazımi bacarıq və vərdişlərlə təmin etməkdir.

Proqrama 132 istixana təsərrüfatı, bir çörəkbişirmə müəssisəsi və arı pətəkləri, qutular və avadanlıq da daxil olmaqla, 96 arıçılıq təsərrüfatının yaradılması daxildir. Layihə bu müəssisə və təsərrüfatların dayanıqlı olması üçün onların idarə olunmasına tələb olunan bilik və bacarıqların da ötürülməsini təmin edəcək. Gözlənilir ki, layihə əlavə bazarların açılması, yeni iş imkanlarının yaradılması, özünütəminetmə imkanlarının genişləndirilməsi, benefisiarların texniki biznes bacarıqlarının gücləndirilməsi, biomüxtəlifliyə dəstək də daxil olmaqla, ətraf mühitin qorunması səylərinə kömək edəcək. Layihənin komponentlərinin eyni icmadan olan digər üzvlər, həmçinin digər icmaların nümayəndələri tərəfindən yenidən istifadə olunmasına da imkan veriləcək.

Layihəni yerli qeyri-hökumət təşkilatı olan Gəncə Aqrobiznes Assosiasiyası (GABA) Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıqda həyata keçirəcək. BP və onun tərəfdaşlarının layihəyə ayırdığı məbləğ 800 min dollar təşkil edir. Layihənin əhatə etdiyi icmalar özləri əlavə təqribən 230 min dollar, layihəni həyata keçirən GABA qeyri-hökumət təşkilatı isə 14 min dollar təmin edəcəklər.

Azərbaycan Dövlət Aqrar Universiteti layihənin təlim komponenti ilə bağlı işlərə cəlb olunacaq, istixana və arıçılıq təsərrüfatları üzrə təlimlər universitetin mütəxəssisləri tərəfindən aparılacaq.

Layihənin həyata keçirilmə müddəti iki ildir (noyabr, 2011 - noyabr, 2013).

"BP və onun tərəfdaşları bütün qonşu icmalarımızla sıx işləyərək inkişaf imkanları yaradılması və bu imkanların dayanıqlı olmasını təmin edə biləcək bilik və bacarıqların əldə olunmasında onlara dəstək vermək öhdəliyinə sadiqdirlər. Bu gün başladığımız təşəbbüs öhdəliyimizin hər iki məqsədini özündə birləşdirir. Layihə hiss edilən faydalar yaradacaq mühüm aqrar biznes imkanlarını təmin etməklə bərabər, bu imkanların davamlı olması üçün əsas şərt olan bilik və bacarıqların ötürülməsini də təmin edəcək. Mən layihəni həyata keçirəcək GABA yerli qeyri-hökumət təşkilatına və Azərbaycan Dövlət Aqrar Universitetinə bu çox vacib təşəbbüsdə bizimlə əməkdaşlıq etdiklərinə görə təşəkkür edirəm", - BP-nin vitse-prezidenti Seymur Xəlilov deyib.

2011-ci ilin ilk üç rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 3 milyon dollar xərcləyiblər.

Əlavə məlumat üçün: BP-nin mətbuat xidməti, tel.: (994 12) 437 75 73

Xəbər lenti

Xəbər lenti