Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir A.Axundov/
Çərşənbə axşamı Bakıda keçirilən Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının 40-cı iclasının yekun protokolu imzalanıb.
Trend-in məlumatına görə, iclasın gündəliyində duran əsas məsələlər 2015-ci ilə qədər fəaliyyət planının və 2020-ci ilə qədər Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının strategiyasının hazırlanması, MDB ölkələrində dövlətlərarası texniki reqlamentlər haqqında razılaşma layihəsinin müzakirəsi, beynəlxalq standartlar əsasında dövlətlərarası normativ sənədlərin hazırlanması və s. olub.
Azərbaycan Standartlaşdırma, Metrologiya, və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun sözlərinə görə, bu görüşün məqsədi MDB məkanında fəaliyyət göstərəcək vahid dövlətlərarası standartların hazırlanması və qəbuludur.
İclasda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Belarus, Rusiya, Tacikistan və Polşa nümayəndələri iştirak edirlər.
Bundan başqa, Azərbaycan Standartlaşdırma, Metrologiya, və Patent üzrə Dövlət Komitəsi və Polşa Standartlaşdırma Komitəsi standartlaşdırma sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Sazişə əsasən, tərəflər ticarətdə texniki maneələrin aradan qaldırılması və ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə milli standartların Avropa və beynəlxalq standartları ilə uyğunlaşdırılması sahəsində əməkdaşlıq edəcəklər.