Azərbaycan, Bakı, 21 dekabr /Trend/
Ali Rada "Ukrayna Nazirlər Kabineti və Azərbaycan Respublikası Hökuməti arasında Ukrayna ərazisindən neft nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə sazişin ratifikasiyası haqqında" qanunu qəbul edib. Bu barədə çərşənbə günü Trend "RBK-Ukrayna"ya istinadən məlumat verir.
Sazişlə Azərbaycan neftinin Ukraynanın magistral neft kəmərləri sistemi ilə nəqlinin şərtləri, həcmi və istiqamətlərinə dair razılaşmalar möhkəmləndirilib: Odessa limanından və Qərbi Ukraynanın neft emalı müəssisələrindən Kremençuq neft emalı zavodu (NEZ) istiqamətində; tranzitlə Belarus Respublikasının Mozır şəhərindəki NEZ istiqamətində; tranzitlə Ukrayna ərazisindən Mərkəzi və Şərqi Avropa ölkələri (Macarıstan, Slovakiya və Çexiya) istiqamətində, eləcə də "Drujba" neft kəmərinin Belarus və Polşa ərazisindəki hissəsindən istifadə etməklə Polşa Respublikasındakı NEZ istiqamətində (Brodı-Plotsk neft kəmərinin tikintisinin başa çatmasına qədər).