Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir A.Axundov/
Azərbaycanda "Bakı Ağ Şəhərin ofis binası" MMC dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Vergilər Nazirliyinin saytının "bir pəncərə" bölməsindəki məlumatda deyilir.
Rəsmi nümayəndə və təsisçi qismində "ADEC" MMC və UNİON GRAND ENERGY PTE. LTD çıxış edir.
MMC-nin nizamnamə kapitalı 10 min manat təşkil edir.
MMC 2011-ci il dekabrın 23-də dövlət qeydiyyatından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də yeni salınacaq "Bakı Ağ Şəhər"in təməl daşının qoyulması mərasimində iştirak ediblər. Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq.
Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə "Qara şəhər" kimi tanınırdı və ekoloji baxımdan tamamilə yarasız vəziyyətdə idi.
"Bakı Ağ Şəhər" layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi fərmanı ilə təsdiq olunub. Layihənin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq layihələndirmə şirkətidir. Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak ediblər. Yeni layihənin icrasına başlanılması xarici və yerli sərmayədarlar üçün də geniş imkanlar açır.
Yanvarın 6-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.