Azərbaycan, Bakı, 12 yanvar /Trend/
Azərbaycan Hesablama Palatasının yanvar ayının 9-da kollegiya iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda DSMF-in Bərdə və İmişli rayon şöbələrinin gəlir və xərclərinin icrasına, dövlət büdcəsindən Milli Arxiv İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə, Kənd Təsərrüfatı Nazirliyinə dövlət büdcəsinin "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafızəsi" bölməsi üzrə "Kənd təsərrüfatı məhsullarının qiymətlərinin sabitləşdirilməsi" paraqrafından toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə təsərrüfatlara ayrılan subsidiyanın proqnozlaşdırılması və icrasına, Zərdab və Ağdaş rayon İcra hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, dövlət büdcəsinin "Təhsil" bölməsi üzrə mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinin tabeliyində olan Kimya-Biologiya Təmayüllü Respublika Liseyinə "Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi - 2" layihəsi üzrə ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq edilib.
İclasda Dünya Bankından cəlb edilmiş kredit vəsaitləri və qrant vəsaitlərinin istifadə vəziyyətinə, S.Rüstəm adına Xarici Dillər təmayüllü Gimnaziyasına, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunmasına, dövlət əsaslı vəsait qoyuluşu üzrə Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə, habelə Qusar və Astara rayon İcra hakimiyyətlərinə dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondlarından və əsaslı vəsait qoyuluşundan avtomobil yollarının tikintisinə (təmirinə) ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları da təsdiq edilib.
Həmçinin, iclasda "Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən maliyyə-büdcə nəzarəti tədbirlərinin hazırlanması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları"na dəyişiklik təsdiq olunub.