Azərbaycan, Bakı, 31 yanvar /Trend/
Ötən il Çexiyanın "TOPALvater" şirkətinin layihəsi əsasında "Topas-75" tipli sutəmizləyici qurğuların istehsal texnologiyasını tam mənimsəyərək, onların ilk partiyasını ARDNŞ-nin dəniz neftçilərinə yola salmış Mexaniki-təmir zavoduna bu il üçün yeni sifarişlər daxil olmuşdur.
"Azərikimya" İB-dən Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən 2012-ci ildə "Azneft" İB-nin müəssisləri üçün daha 22 sutəmizləyici qurğu hazırlanacaqdır. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi əsasında isə daha iri həcmdə sutəmizləmə imkanına malik "Topas-100" markalı iki ekoloji qurğunun hazırlanması da nəzərdə tutulmuşdur.
Son zamanlarda ölkədə ətraf mühitin ekoloji tarazlığının qorunması sahəsində tədbirlərin genişləndirilməsi sutəmizləyici qurğulara olan ehtiyacı artırdığından, müəssisədə onların hazırlanması üçün xüsusi sahə ayrılmışdır. Sahə təmir olunub, qaydaya salınaraq istilik və ventilyasiya sistemi ilə təchiz edilmişdir.
ARDNŞ-nin dənizdəki neft-qazçıxarma idarələri, həmçinin müəssisələrdə və yaşayış massivlərində tətbiqi nəzərdə tutularaq, 2010-cu ildə - "Ekologiya ili"ndə istehsalına başlanılmış qurğunun yaxın gələcəkdə daha geniş tətbiq olunması ölkəmizdə ətraf mühitin və Xəzər dənizinin ekologiyasının yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.