...

Aİ Azərbaycana azad iqtisadi məkan haqqında saziş təklif edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 13:04 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması məsələsində dəstəkləyir.
Aİ Azərbaycana azad iqtisadi məkan haqqında saziş təklif edəcək

Azərbaycan, Bakı, 8 fevral /Trend müxbir E.Mehdiyev/

Avropa İttifaqı (Aİ) Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması məsələsində dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.

"Azərbaycan artıq Gürcüstanla ikitərəfli danışıqları başa çatdırıb, bununla bağlı protokol imzalanıb. Gürcüstanın ÜTT-yə daxil olması Azərbaycan üçün yaxşı göstəricidir" , - Kobia qeyd edib.

Onun sözlərinə görə, Aİ Azərbaycanın ÜTT-yə üzv olmasından sonra ölkəyə azad iqtisadi məkan haqqında saziş imzalanmasını təklif etmək niyyətindədir.

Azərbaycan nümayəndə heyəti fevralın 24-də Cenevrədə ÜTT-nin işçi qrupu ilə çoxtərəfli danışıqların doqquzuncu raundunun və ikitərəfli danışıqların keçirilməsinə hazırlaşır. Azərbaycan hökuməti ikitərəfli danışıqların keçirilməsinə razılığı artıq ABŞ və Aİ-dən alıb.

Sonuncu görüş (çoxtərəfli danışıqların səkkizinci raundu) 2010-cu il oktyabrın 18-də Cenevrə şəhərində keçirilib. Həmin il oktyabrın 19-22-də isə ABŞ, Aİ, Kanada, Yaponiya, Norveç, İsveçrə, Çinin Tayvan əyaləti və ÜTT-nin digər üzvləri ilə mal və xidmət məsələləri üzrə ikitərəfli görüşlər keçirilib.

Azərbaycanın ÜTT ilə çoxtərəfli danışıqlarının növbəti mərhələsi çərçivəsində üzv ölkələr üçün Azərbaycanın təklifi üzrə "Factual Summary" yeni toplu hesabatı müzakirə olunacaq. Azərbaycan hökuməti əvvəllər ÜTT-yə üzv olan dövlətlərin suallarına cavablarını Katibliyə təqdim edib. Bunun əsasında Katiblik "Factual Summary" adlı hesabat hazırlayıb. Sənəd Azərbaycanın ÜTT-yə üzv olması üzrə gördüyü işlər barədə hesabatı əhatə edir.

Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusunda təmsil olunur. Azərbaycan danışıqlara 2004-cü ildə qoşulub. Hazırda Azərbaycan ABŞ, Yaponiya, Braziliya, Ekvador, Şri-Lanka, Avropa İttifaqı, Norveç, Hindistan, Cənubi Koreya, Çinin Tayvan vilayəti, Kanad və İsveçrə ilə danışıqlar prosesindədir.

Bu günədək Azərbaycan Türkiyə, Oman Sultanlığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstanla danışıqları başa çatdırıb və protokollar imzalanıb.

Ölkə hələ sənədləri nəzərdən keçirən Moldova ilə protokolun imzalanma mərhələsindədir, Qırğızıstan isə imzalanmaya razılıq verib.

Xəbər lenti

Xəbər lenti