...

Bakının Zabrat qəsəbəsinə yeni magistral su xətti çəkilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2012 17:30 (UTC +04:00)
Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat yaşayış massivinə yeni magistral su xəttinin çəkilişinə başlanılıb.
Bakının Zabrat qəsəbəsinə yeni magistral su xətti çəkilir (FOTO)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat yaşayış massivinə yeni magistral su xəttinin çəkilişinə başlanılıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihəyə əsasən, Sabunçu dairəsindən keçən 1200 mm diametrlik magistral su kəmərindən Zabrat qəsəbəsinə 5,6 kilometr uzunluğunda, 500 mm diametrli polietilen borularla çəkilən su xətti qəsəbədaxili şəbəkəyə birləşdiriləcək.

Yay mövsümündə içməli suyun normal ötürülməsini təmin etmək məqsədilə su xəttinin üzərində 2 ədəd nasosxananın tikintisi də nəzərdə tutulur. Magistral su xəttinin keçdiyi marşrut boyunca yerləşən yaşayış məntəqələrinə içməli su bu mənbədən paylanacaq. Bu məqsədlə magistral su xəttinə paralel 200 mm diametrli əlavə su kəməri də çəkiləcək.

Tikinti işləri may ayına qədər başa çatdırılacaq. Bununla da 10 mindən çox sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.

Qeyd edək ki, hazırda Zabrat qəsəbəsinə içməli suyun verildiyi 500 mm diametrli metal boru xətti köhnəldiyindən və korroziyaya uğradığından istismar tələblərinə cavab vermir və içməli su təchizatında problemlər yaranır. Yeni kəmər istismara verildikdən sonra köhnə su xətti ləğv ediləcək.

Xəbər lenti

Xəbər lenti