...

Bakıda istehlakçı hüquqlarının müdafiəsi mövzusunda seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2012 18:04 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.
Bakıda istehlakçı hüquqlarının müdafiəsi mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 13 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cümə günü Bakı Biznes Universitetində "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda seminar keçirilib. Tədbirdə ali təhsil müəssisəsinin 250-ə yaxın müəllim və tələbəsi iştirak edib.

Seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib.

Tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib, istehlakçıların maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 160 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Bu il də istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilib, 2012-ci ilin yanvar-mart aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 18 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 6 adda 900 yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif materiallar paylanıb.

Xəbər lenti

Xəbər lenti