...

Azərbaycanda ən müasir və iri duzsuzlaşdırma müəssisəsi olacaqdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 02:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Azərbaycanda ən müasir və iri duzsuzlaşdırma müəssisəsi olacaqdır - nazir

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

İclasda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış etmişdir

Nazirin sözlərinə görə, gələcəkdə yarana biləcək su qıtlığı probleminin öhdəsindən səmərəli gəlmək üçün yeni yanaşmalar və texnologiyalar vacib rol oynayacaqdır.

"Bu baxımdan tükənməyən mənbə olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün yüksək texnologiyaya əsaslanan və Sizin tapşırığınız əsasında həyata keçirilən layihə çərçivəsində zavod və müasir tinglikdən ibarət kompleksin yaradılması üzrə pilot layihəsi uğurla davam etdirilir. Artıq avadanlığın 90 faizi gətirilmiş və quraşdırılır, saniyədə 230 litr içməli su istehsal etmək infrastrukturuna malik müəssisə inşa edilir. İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlığın qurulması nəzərdə tutulmuşdur. Ehtiyac artdıqca zavodun istehsal imkanları 3 ay ərzində çox kiçik maliyyə sərfi hesabına layihə gücünə çatdırıla bilər", - Bağırov bildirib.

O qeyd etdi ki, faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsi olacaqdır.

"Cənab Prezident, təşəbbüsünüzlə həyata keçirilən bu tədbirlər "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması Proqramı" çərçivəsində həyata keçirilir.

2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq beşinci ildir ki, uğurla istismar olunur. Keçən ilin sonunadək 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğu quraşdırılmış, nəticədə 350 min nəfərdən artıq əhali keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Hazırda 45 min əhalisi olan daha 33 kənddə müvafiq işlər tamamlanmaq üzrədir. Bir çox kəndlərdə elektrik gərginliyinin aşağı olması, kəndlilərin ənənəvi olaraq su götürdüyü kanallara suyun fasilələrlə verilməsi və istismar prosesində bələdiyyələrin iştirakının təmin olunması ilə bağlı problemlər Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi və yerli icra orqanları ilə birgə operativ şəkildə həll olunur.

Yeri gəlmişkən, ənənəvi olaraq çox çirkli sudan istifadə edən 400 minə yaxın əhalinin təmiz su ilə təmin olunması yuxarıda qeyd etdiyimiz tədqiqatın nəticələrində də öz əksini tapmışdır. Belə ki, təbiətdən keçən xəstəliklərin insanların səhhətinə təsirinin azalması tendensiyalarına və templərinə görə də Azərbaycan 132 ölkə arasında birinci yeri tutmuşdur", - Bağırov deyib.

Xəbər lenti

Xəbər lenti