Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir Ə.Həsənov/
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ilin I rübündə 49,13 milyon manat dəyərində 481 layihəni maliyyələşdirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü fondun rəsmi mətbuatda dərc edilən balans hesabatında qeyd edilir.
SKMF-nin güzəştli kreditləri hesabına bu layihələrin reallaşdırılması 2148 yeni iş yerinin yaradılmasına imkan verir.
SKMF birinci rüb ərzində sənaye istehsalı və emalının müxtəlif sahələrində ümumi dəyəri 6,05 milyon manat olan 26 layihəni maliyyələşdirib. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində üç layihənin reallaşdırılmasına 6,5 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalında 443 layihəyə 29,15 milyon manat, xidmət sahəsinin inkişafı üçün 9 layihəyə 7,43 milyon manat ayrılıb.
SKMF 5,52 milyon manat dəyərində (verilən kreditlərin ümumi portfelinin 11,2 faizi) 453 kiçik kredit (ümumi kreditlərin 94,2 faizi) ayırıb. Hesabat dövründə 1,92 milyon manat dəyərində (3,9 faiz) 9 orta kredit (1,9 faiz) və 41,69 milyon manat dəyərində (84,9 faiz) 19 iri (4 faiz) kredit ayrılıb.