Azərbaycan, Bakı, 18 may /Trend/
Bakı şəhəri, Nərimanov rayonu, A.Bakıxanov küçəsi, ev 62, 758-759-cu məhəllə ünvanında Vüqar İsmayılova məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Marka dünyası Outlet, 70% ilboyu endirim, kişi, qadın, uşaq geyimləri" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib. Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkarlanıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı, habelə mağazada tanınmış dünya brendləri adı altında satışda olan müxtəlif geyim əşyalarının saxta olduğu müəyyənləşdirilib.
Aşkar edilmiş saxta malların satışı dayandırılıb.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz yerləşdirilmiş qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görüləcək.
İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.