...

ÜGT Gömrük-Biznes Avropa Forumunun keçirilməsi məqsədilə Azərbaycanı seçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2012 16:12 (UTC +04:00)
2013-cü ilin yazında Azərbaycanda Gömrük-Biznes Avropa Forumu keçiriləcək.
ÜGT Gömrük-Biznes Avropa Forumunun keçirilməsi məqsədilə Azərbaycanı seçib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir A.Axundov/

2013-cü ilin yazında Azərbaycanda Gömrük-Biznes Avropa Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Müvafiq razılaşma iyunun sonu - iyulun əvvəllərində Brüsseldə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) mənzil qərargahında keçirilən Gömrük Əməkdaşlıq Şurasının 119/120-ci sessiyaları və Qlobal Aksiz Sammiti çərçivəsində DGK sədri Aydın Əliyevin Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikura ilə keçirdiyi görüşdə əldə edilib.

"Görüşdə Azərbaycan tərəfi bu tədbiri Qəbələdə keçirməyi təklif edib. Digər ölkələrdən oxşar təkliflərin olmasına baxmayaraq, ÜGT rəhbərliyi Azərbaycanın xeyrinə qərar verib", - məlumatda deyilir.

Forum 2013-cü ilin martında Qəbələdə keçiriləcək.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovla görüşdə 2011-ci ilin oktyabrında Bakı şəhərində keçirilən Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konfransın əhəmiyyətinə toxunulub, eyni zamanda, konfrans çərçivəsində xeyriyyə konsertindən əldə olunan vəsait hesabına Azərbaycanın Lənkəran şəhərində narkotik asılılığından əziyyət çəkənlər üçün müalicə müəssisəsinin tikintisi və digər perspektiv məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti