...

Azərbaycanda bağlanmış “Royalbank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə hazırlığa başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2012 11:52 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fondu "Royalbank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bankın seçilməsi və kompensasiyaların ödənilməsi üçün hazırlıq işlərinə başlayıb.
Azərbaycanda bağlanmış “Royalbank”ın əmanətçilərinə  kompensasiyaların ödənilməsinə hazırlığa başlanılıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fondu "Royalbank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bankın seçilməsi və kompensasiyaların ödənilməsi üçün hazırlıq işlərinə başlayıb. Trend-in məlumatına görə, bu barədə fondun bazar ertəsi yaydığı məlumatda deyilir.

"Azərbaycan Respublikası Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 06/05-1747 saylı 13 iyul 2012-ci il tarixli məktuba əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 14 iyul 2012-ci il tarixli qərarı ilə Agent bankın seçilməsi və kompensasiyaların ödənilməsi üçün hazırlıq işləri başlanılmışdır", - məlumatda deyilir.

"Royal Bank" ASC-nin əmanətçilərinin 98 faizi Əmanətlərin Sığortalanması Fondunda sığortalanıb.

"30 (otuz) min manata qədər əmanəti olan əmanətçilərin əmanətləri 100 faiz həcmində kompensasiya ediləcək. Yaxın günlərdə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək", - məlumatda deyilir.

AMB-nin İdarə Heyəti iyulun 12-də "Royal Bank"ın lisenziyasının ləğvi barədə müvafiq qərar qəbul edib. Qərara əsasən, iyulun 13-dən etibarən "Royal Bank" Açıq Səhmdar Cəmiyyətində müvəqqəti administrator təyin edilib.

"Lisenziya minimun səviyyə və ümumi kapitalın adekvatlığına tələblərə bank tərəfindən riayət edilməməsi, kreditorlar qarşısında öhdəliklərə əməl edilməməsi, idarəetmənin və cari fəaliyyətin etibarsız və prudensial qaydada həyata keçirilməsi, həmçinin Mərkəzi Bankın yazılı göstərişlərinə əməl edilməməsi ilə əlaqədar ləğv edilib", - bir müddət əvvəl AMB-nin yaydığı məlumatda deyilir.

"Royal Bank" ASC-nin müflisləşməsinə dair prosedurun icrasına başlamaq üçün AMB məhkəmə orqanlarına bankın müflis olması və krditorlar qarşısında onun öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmaması barədə ərizə ilə müraciət etməlidir.

"Banklar haqqında" qanuna uyğun olaraq müflisləşmə prosedurlarına başlamaq haqqında ərizənin Mərkəzi Bank tərəfindən təqdim olunmasından dərhal sonra bank barəsində moratorium qüvvəyə minəcək.

Xəbər lenti

Xəbər lenti