Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Axundov/
Bu gün "Royal Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi məqsədi ilə agent bankın seçilməsi üçün Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının növbədənkənar iclası keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə fondun çərşənbə günü yaydığı məlumatda deyilir.
AMB-nin İdarə Heyəti iyulun 12-də "Royal Bank"ın lisenziyasının ləğvi barəsində müvafiq qərar qəbul edib. Qərara əsasən, iyulun 13-dən etibarən "Royal Bank"Açıq Səhmdar Cəmiyyətində müvəqqəti administrator təyin edilib. Azərbaycan Respublikası Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 06/05-1747 saylı 13 iyul 2012-ci il tarixli məktubuna əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 14 iyul 2012-ci il tarixli qərarı ilə agent bankın seçilməsi və kompensasiyaların ödənilməsi üçün hazırlıq işlərinə başlanılıb. İyulun 16-dan "Royal Bank"ın bağlanması rəsmən sığorta hadisəsi hesab edilib və onun əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirməsinə moratorium qoyulub.
"Royalbank" ASC-də əmanətçilərin 98 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Bankda 30 (otuz) min manata qədər əmanəti olan qorunan əmanətçilərin əmanətlərinin 100 faiz həcmində kompensasiya ediləcəyinə Fond təminat verir.
"Royal Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçiləcək agent bank, kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək", - məlumatda deyilir.
"Royal Bank" 1993-cü il avqustun 2-də "ÖZ Bank" birgə kommersiya bankı kimi təsis olunub.