Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir E.İsmayılov/
Bakının Neftçilər prospektində yenidənqurma və təmir işləri, habelə kommunikasiya xətlərinin dəyişdirilməsi üzrə işlər cari ilin avqust-sentyabr aylarını əhatə edəcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Neftçilər prospekti paytaxtın ən iri və hərəkətin sıx olduğu prospektlərindən biridir. Hazırda prospektdə aparılan təmir işləri çərçivəsində sürücülər alternativ yollardan istifadə edirlər.
Mürsəliyevin sözlərinə görə, prospektdə işlərin nə vaxt başa çatacağını dəqiq söyləmək hələlik çətindir.
"Prospektdə işlər avqust və sentyabr aylarını əhatə edəcək. Hazırda prospektdə infrastrukturun dəyişdirilməsi üzrə işlər aparılır", - mətbuat xidmətinin rəhbəri qeyd edib.
Onun sözlərinə görə, infrastrukturun dəyişdirilməsi üzrə işlər başa çatan kimi yeni asfalt örtüyünün salınmasına başlanacaq.
Prospektdə aparılan işlər çərçivəsində qaz, su və kanalizasiya xətlərinin dəyişdirilməsi planlaşdırılır. Habelə prospektdə asfalt örtüyü tam dəyişdiriləcək və digər işlər aparılacaq.