...

Göyçayın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender yekunlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2012 19:36 (UTC +04:00)
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində "Göyçay şəhərində su təchizatı, kanalizasiya şəbəkələrinin bərpası və suqəbuledici qurğuların tikintisinin tamamlanması" üzrə keçirilmiş beynəlxalq tender yekunlaşıb.
Göyçayın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender yekunlaşıb

Azırbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində "Göyçay şəhərində su təchizatı, kanalizasiya şəbəkələrinin bərpası və suqəbuledici qurğuların tikintisinin tamamlanması" üzrə keçirilmiş beynəlxalq tender yekunlaşıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tenderin nəticələrinə görə daha sərfəli şərtlər təklif edən Türkiyənin "Atinak Müh. İnş. San və Tic. A.Ş" şirkəti qalib elan edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.

Layihəyə əsasən, Göyçay şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 140 metr olan 2 subartezian quyusu qazılacaq. Göyçay şəhərində içməli su şəbəkəsinin yenidən qurulması məqsədilə 55,5 km uzunluğunda şəhərdaxili su xətləri çəkiləcək.

Bundan əvvəlki mərhələyə uyğun olaraq Göyçay şəhərində 24 km uzunluğunda paylayıcı su xətləri çəkilib. Yeni su şəbəkəsi tam istismara verildikdən sonra 3340 abunəçi su sayğacı ilə təmin ediləcək. Şəhərin ümumi uzunluğu 46,6 km olan kanalizasiya xətlərinin isə 27 km-lik hissəsi inşa edilib. Bununla paralel olaraq, obyektlərin kanalizasiya şəbəkələrinə qoşulma işləri aparılır və ümumilikdə 2340 ünvan kanalizasiya şəbəkəsinə qoşulacaq. Şəhərdə toplanmış məişət-tullantı sularının təmizlənməsi üçün çirkab sutəmizləyici qurğu da tikiləcək.

Qeyd edək ki, Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Asiya İnkişaf Bankı ilə birlikdə "Şəhər su təchizatı və kanalizasiya layihəsi" və "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində həyata keçirilir. 2010-cu ildə icrası başa çatmış "Şəhər su təchizatı və kanalizasiya layihəsi"nə uyğun olaraq "Göyçay Sukanal" Törəmə Açıq Səhmdar Cəmiyyəti (TASC) üçün zəruri maşın və mexanizmlər alınıb, şəhərin su təchizatının yaxşılaşdırılması məqsədilə 3 subartezian quyusu qazılıb, sugötürücü kamera və xlorator binası daxil olmaqla həcmi 2500 kubmetr olan yeni su anbarı inşa edilib. Eyni zamanda, yeni laboratoriya binası, nasos stansiyası tikilib, nasosların normal iş rejiminin təmin edilməsi üçün yeni elektrik xətləri çəkilib. Bununla yanaşı, "Göyçay Sukanal" TASC üçün yeni ofis binası və istehsalat bazası inşa edilib.

Ümumilikdə bu günə qədər layihə üzrə işlərin 25 faizi icra edilib. Göyçay şəhərinin su təchizatı sistemi yenidən qurulduqdan sonra 40 minə qədər şəhər sakininin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Xəbər lenti

Xəbər lenti