Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
Bu gün Kənd Təsərrüfatı Nazirliyində Türkiyə Respublikasının ərzaq, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müavini Kutbettin Arzunun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 6-cı iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası protokol çərçivəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Kənd təsərrüfatı naziri İsmət Abasov iclas iştirakçılarını səmimi salamlayaraq, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qardaşlıq əlaqələrinin ənənəsinin Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradıldığını və hal-hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırdı. Nazir İsmət Abasov aqrar sahədə əldə olunan nailiyyətlər və Dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında iclas iştirakçılarına ətraflı məlumat verdi.
Nazir İsmət Abasov qeyd etmişdir ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələri getdikcə inkişaf etməkdədir və əməkdaşlığı genişləndirmək üçün potensial imkanlar mövcuddur.
Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əsasən, Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi çərçivəsində həyata keçirilir. Komitənin sonuncu iclası 2008-ci ilin mart ayında Türkiyənin Ankara şəhərində keçirilmiş və bu gün Komitənin növbəti - 6-cı iclası keçirilir. İclasın məqsədi qarşıdakı illər üçün kənd təsərrüfatı sahəsində Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələrinin prioritet istiqamətlərini müəyyənləşdirmək və iki ölkə arasında aqrar sahənin mövcud potensialından daha səmərəli istifadə etmək üçün birgə tədbirləri razılaşdırmaqdan ibarətdir.
İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın möhkəm hüquqi bazası yaradılmışdır. Belə ki, 2005-ci ildə "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmış və bu Sazişin müddəalarına uyğun olaraq baytarlıq nəzarətində olan yüklərin idxal-ixracı məqsədilə tərəflərin dövlət baytarlıq təşkilatları arasında baytarlıq sertifikatları razılaşdırılaraq imzalanmış, informasiya və təcrübə mübadiləsi həyata keçirilir.
İki ölkə arasında tərəfdaşlığın ən yüksək formatı olan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının cari ilin sentyabr ayında Azərbaycanda (Qəbələ şəhərində) keçirilmiş iclasında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında "Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nin fəaliyyətinin nizamlanması haqqında Protokol imzalanmışdır.
Nazir İsmət Abasov Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair aşağıdakı təklifləri nəzərə çatdırdı:
- "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in hazırlanması imkanlarına baxılması;
- Azərbaycanda toxumçuluq sisteminin gücləndirilməsi məqsədilə mütəxəssis mübadiləsinin və qarşılıqlı səfərlərin həyata keçirilməsi;
- Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlaşdırılması və marketinqinin təşkili üzrə məlumat mübadiləsi;
- Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi;
- Toxumçuluq, tingçilik və yeni seleksiya sortlarının sınağı sahəsində təcrübə mübadiləsi;
- Kənd təsərrüfatı heyvanlarının süni mayalama mərkəzlərinin fəaliyyət mexanizmi, damazlıq və seleksiya işlərinin qurulması, heyvanların qeydiyyatı sahəsində təcrübə mübadiləsi;
- Hər iki ölkənin aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması.
Türkiyə Respublikasının ərzaq, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müavini Kutbettin Arzu səmimi qəbula görə minnətdarlığını bildirərək, Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 6-cı iclasının yüksək səviyyədə keçirilməsini və ekspertlər səviyyəsində müzakirəsinin hər iki tərəf üçün səmərəli olduğunu bildirdi.
Tədbirin sonunda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 6-cı iclasının protokolu həmsədrlər tərəfindən imzalanmışdır.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Alper Coşkun iştirak edirdi.