Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir C.Nəsibova/
Azərbaycanda Latviya və İsveçin dəstəyi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən topraqların qiymətləndirilməsi prosesində Avropa standartları tətbiq olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İsveçin Daşınmaz əmlakın qeydiyyatı, kadastr və xəritəçəkmə üzrə dövlət orqanı (Isvec Lantmeteriet) və Latviyanın Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birlikdə tvinninq-layihə həyata keçirir.
"Tvinninq-layihənin məqsədi torpaqların qiymətləndirilməsinin Avropa standartlarına əsasən həyata keçirilməsindən ibarətdir. Avropa İttifaqına daxil olmaq istəyən ölkələr Avropa sisteminə uyğun olaraq torpaqların qiymətləndirilməsi üçün tədbirlər görür və bu layihə bunun üçün reallaşdırır", - Məmmədov deyib.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə 18 ay ərzində reallaşdırılacaq. Texniki köməyin ümumi həcmi 900 min avro təşkil edir.
Məmmədovun sözlərinə görə, tvinninq-layihə üç komponentdən ibarətdir: institusional təhlil hesabına müvafiq strukturların gücləndirilməsi və hüquq sisteminin yaradılması; torpaqların qiymətləndirilməsi metodologiyasına və dövlət torpaq kadastr sisteminə inteqrasiya; dövlət torpaq kadastrının məlumatlarının qeydiyyatı və şəhər/kənd torpaq kadastrının məlumat sistemləri.
Qeyd edək ki, çərşənbə axşamı Bakıda Azərbaycan, Latviya və İsveçin dövlət strukturlarının nümayəndələrinin, eləcə də bu ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə tvinninq-layihənin həyata keçirilməsinə həsr olunmuş tədbir keçirilib.