Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir A.Axundov/
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində müflisləşmiş "Royal Bank"ın kreditorlarının tələblərinə baxılacaq. İlk belə dinləmələr dekabrın 12-də keçirilib. Trend-in məlumatına görə, bu barədə bankın təsviyəçisi "Azerbaijan Consulting Company" MMC-nin cümə axşamı rəsmi mətbuatda dərc etdirdiyi məlumatda deyilir.
Təsviyəçi tərəfindən qəbul edilmiş kreditorların tələblərinin siyahısının və rədd edilmiş tələblərin siyahısının təsdiqlənməsi məqsədi ilə dinləmələr 26 dekabr saat 15:00-a təyin edilib.
Tələbləri rədd edilmiş kreditorlar dinləmələrdə iştirak edə bilərlər.
Dinlənmələrə dəvət edilmiş kreditorun üzrsüz səbəbdən iştirak etmədiyi halda onun tələbləri rədd edilir. Təsviyəçi belə kreditorlara yazılı xəbərdarlıq göndərəcək.
"Royal Bank" Açıq Səhmdar Cəmiyyətinin bank fəaliyyətinə dair lisenziyası iyulun 12-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ləğv edilib.