Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir A.Axundov/
Azərbaycan və Küveyt arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarsı komissiyanın ikinci iclasının protokolu imzalanıb.
Trend-in məlumatına görə, sənəd cümə axşamı Bakıda keçirilən hökumətlərarası komissiyanın iclasının yekunları üzrə imzalanıb.
Küveytin Baş nazirinin müavini, xarici işlər naziri şeyx Sabah əl-Xalid əl-Həməd Al Sabahın başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır.
Protokolu iki ölkənin XİN rəhbərləri imzalayıb.
Habelə, dörd hökumətlərarası saziş - mədəniyyət, gömrük işi, təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, eləcə də Diplomatik akademiyalar arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu günədək ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 13 saziş imzalanıb.
İclasda qeyd edildiyi kimi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin dərinləşməsi üçün böyük imkanlar mövcuddur və əməkdaşlığın genişləndirilməsində hökumətlərarası komissiyaya böyük rol ayrılır.