...

“Akkord” “İlin tikinti şirkəti” elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 10:23 (UTC +04:00)
Korporasiya “Caspian Energy Integration Award–2013” mükafatına layiq görülüb.
“Akkord” “İlin tikinti şirkəti” elan edilib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Korporasiya "Caspian Energy Integration Award-2013" mükafatına layiq görülüb. "Jumeirah Bilgah Beach Hotel Inn"-də "Caspian Energy Integration Award - 2013" beynəlxalq mükafatının 9-cu təqdimat mərasimi keçirilib. Mərasimdə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC "İlin tikinti şirkəti" nominasiyasında lider elan edilib.

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) ali mükafatlarının təqdimat mərasimini klubun üzv-şirkətləri və Caspian Energy International Media Group-un çoxsaylı oxucuları adından klubun prezidenti və icraçı direktoru Telman Əliyev açıb. O, CEIBC və Caspian Energy International Media Group-un fəaliyyətinə verdiyi dəstəyə görə, CEIBC-nin sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, həmçinin, 2005- cil ildə "Caspian Energy Integration Award" beynəlxalq mükafatının təqdimat mərasiminin təşkilində verdiyi qiymətli tövsiyyə və məsləhətlər üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

T.Əliyev qeyd edib ki, bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu öz sıralarında dünyanın 50 ölkəsindən olan 500-dək şirkət və təşkilatı birləşdirir. Klubun dəstəyi ilə fəaliyyət göstərən Caspian Energy International Media Group-da hazırda 6 beynəlxalq jurnal, informasiya agentliyi, marketinq araşdırmaları şirkəti, 30-dan artıq internet-layihə, həftəlik internet-qəzet və online neft-qaz ensiklopediyası fəaliyyət göstərir.

"Məhz Klubun sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sayəsində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu bu gün Xəzər-Qara dəniz-Baltik regionlarında fəaliyyət göstərən ən iri, nüfuzlu beynəlxalq təşkilata çevrilmişdir", - Telman Əliyev vurğulayıb. Onun sözlərinə görə, Respublika Prezidentinin təşəbbüsünü dəstəkləyən Klub üzvləri - prezidentlər və baş nazirlər, səfirlər, nazirlər, AB və MDB ölkələrinın dövlət komitə və agentliklərinin rəhbərləri Xəzər-Qara dəniz-Baltik regionlarında biznes mühitinin yaxşılaşdırılması üçün aktiv fəaliyyət göstərirlər.

Tədbirdə sənaye və energetika naziri Natiq Əliyev, rabitə və informasiya texnoıogiyaları nazirinin müavini İltimas Məmmədov çıxış ediblər.

Çıxışlardan sonra, "Caspian Energy Integration Award - 2013" mükafatlarının təqdimatına başlanılıb.

Klubun 50 ölkədə apardığı sorğuya əsasən, "İlin tikinti şirkəti" nominasiyası üzrə qalib elan edilən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin "Caspian Energy Integration Award - 2013" mükafatı ASC-nin Direktorlar Şurasının Sədri, Baş direktoru Xaqani Quluzadəyə təqdim edilib. Mükafatı almaq üçün səhnəyə qalxan Baş direktor hazırda dünyanın 7 ölkəsində uğurla fəaliyyət göstərən Korporasiya adından "Akkord"u bu mükafata layiq görən şirkət və təşkilatlara minnətdarlığını bildirib və bütün digər nominantları təbrik edib. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasəti sayəsində "Akkord" bu gün ölkə xaricində iri layihələr icra edir. Bu gün biz regionda nüfuzlu transmilli korporasiyaya çevrilmişik. Bu, tarixi reallıqdır. Buna görə biz hörmətli prezidentimiz İlham Əliyevə minnətdarıq. Biz işlədiyimiz hər bir yerdə Azərbaycana xüsusi münasibətin şahidi oluruq və bu, öz böyük rolunu oynayır. Mən bunu 7 ölkədə təmsil olunan şirkətin qələbəsi hesab edirəm. Bu, bizi yeni uğur və nailiyyətlərə ruhlandırır", - Korporasiya rəhbəri deyib.

Mərasimdə müxtəlif şirkət və təşkilatların nümayəndələri ilə yanaşı ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar, Çexiya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Radek Matula da iştirak ediblər. Riçard Morninqstar "Xəzər enerji layihələrinin inkişafına verilən töhfəyə görə", çexiyalı səfir isə, "Azərbaycan-Çexiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə" "Caspian Energy Integration Award -2013" mükafatına layiq görülüblər.Ümumilikdə, mərasimdə 20 nominasiya üzrə mükafat təqdim olunub.

Mərasim konsert proqramı ilə müşaiyət olunub.

Tədbirin sonunda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun prezidenti və icraçı direktoru Telman Əliyev "Caspian Energy Integration Award -2013" mükafatının baş partnyoru "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevə, partnyorları - "Azərbaycan Dəmiryolları" QSC-nin sədri Arif Əsgərova, Fugro Survey LTD (Caspian) şirkətinin baş meneceri Kristofer Mota, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının Sədri, Baş direktoru Xaqani Quluzadəyə, "SOCAR-AQS" MMC və "Bakcell" MMC-nin rəhbərlərinə təşəkkürlərini bildirib.

"Caspian Energy Integration Award" beynəlxalq mükafatı Bakı, Moskva, Ankara və Astanada Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) dünyanın 50 ölkəsində keçirdiyi internet-sorğunun nəticələrinə əsasən təqdim olunur. Bu mükafat siyasi xadimlərə, dövlər məmurlarına, şirkət və təşkilatlara Xəzər-Qara dəniz-Baltik regionlarında il ərzində qazandıqları nailiyyətlərə görə verilir.

CEIBC 2002-ci ildə Caspian Energy International Media Group-un aktiv iştirakı və Xəzər-Qara dəniz hövzəsində çalışan iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Klubun sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin

İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Quliyeva

Tel.: (012) 404 77 77; (050) 250 90 79

Məqalədə:
Xəbər lenti

Xəbər lenti