Azərbaycan, Bakı, 7 may /Trend/
Yerli kütləvi informasiya vasitələrinin, əsasən, iqtisadi və biznes xarakterli mövzuları işıqlandıran, işçilərinin peşəkar qabiliyyət və bacarıqlarının möhkəmləndirilməsinə yönəldilmiş layihə başa çatıb. Bu barədə bankdan çərşənbə axşamı Trend-ə daxil olan məlumatda bildirilir.
Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın "British Council" ilə əməkdaşlıqda həyata keçirdiyi layihənin son mərhələsi yerli jurnalistlər qrupunun və bankın nümayəndələrinin Böyük Britaniyaya səfəri ilə yekunlaşıb. İşgüzar səfər çərçivəsində ölkəmizin media nümayəndələri nəinki xarici həmkarlarının təcrübəsi ilə, həm də bu ölkənin əsas təşkilatlarının və qurumlarının iş prinsipləri ilə tanış olublar. Belə ki, həftə ərzində Azərbaycan jurnalistləri "Financial Times", "BBC", "Guardian" kimi beynəlxalq miqyasda tanınan kütləvi informasiya vasitələrinin redaksiyalarında olub, habelə ölkə parlamentində, London fond birjasında, Avropa Yenidənqurma və İnkişaf Bankında görüşlər keçirib və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nümayəndələri ilə işgüzar şam yeməyində iştirak ediblər.
"PAŞA Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov bu layihə ilə əlaqədar belə söyləyib: "Biz bir bank kimi, biznesin aparılmasının şəffaflığı və cəmiyyət üçün açıqlıq siyasətinin tərəfdarıyıq və iqtisadi mövzuları işıqlandıran Azərbaycan jurnalistlərinin yüksək bilik səviyyəsinə malik olmalarında və xarici həmkarları ilə birbaşa təcrübə mübadiləsi aparmalarında maraqlıyıq. Bu aspektdə, PAŞA Bank-ın "British Council"dan olan tərəfdaşları ilə birgə reallaşdırdığı layihə yuxarıda qeyd edilən məqsədlərə nail olmaq üçün əla vasitədir".
Xatırladaq ki, layihənin əsas məqsədi iqtisadi və biznes mövzuları işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasıdır. Qrupun üzvləri avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olduqdan sonra əldə etdikləri bacarıqları ölkədə baş verən iqtisadi islahatların və müxtəlif biznes-proseslərin daha peşəkar səviyyədə işıqlandırılmasında və təhlilində istifadə edə biləcəklər. Bu cür layihələrin keçirilməsi PAŞA Bank-ın Sosial məsuliyyət proqramının mühüm bir hissəsidir.
Kollegial qərara əsasən, PAŞA Bank-ın və "British Council"ın layihəsində iştirak etmək üçün ölkənin "Azərtac", "AzTV", "İTV", "ANS TV", "Azadlıq" radiosu, "Exo", "1 News", "Turan", Trend , "ANN", "Kaspi" kimi mətbu və elektron KİV-ni, həmçinin radio və televiziyasını təmsil edən 11 jurnalist seçilmişdir.
Yerli biznes-jurnalistikanın inkişafı üzrə yeni layihənin keçirilməsi barədə ilin ikinci yarısında məlumat veriləcək.