Azərbaycan, Bakı, 21 may /Trend/
Kann festivalı çərçivəsində "Nəriman Film" və "Torre" şirkətlərinin birgə istehsalı olan qısametrajlı "9x9" Azərbaycan-İtaliya filminin təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, "PAŞA Bank"ın, layihənin yaradıcı şirkətlərinin, eləcə də dünya kinematoqrafiya şirkətlərinin nümayəndələri, prodüserlər və kinodistribüterlər iştirak ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.
Xatırladaq ki, ölkənin ən böyük banklarından biri olan "PAŞA Bank"ın sponsorluq etdiyi "9x9" filminin çəkilişi Bakıda və Verona şəhərində (İtaliya) aparılmışdır. Layihənin ssenari müəllifi, rejissoru və prodüseri Radmila Qordiç, prodüseri Nəriman Məmmədovdur.
"PAŞA Bank" - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və dörd filial ilə təmsil olunan "PAŞA Bank"da 207 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub.
"PAŞA Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm, eləcə də biznesin sair istiqamətlərində geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir.