...

Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının 4-cü iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2013 15:46 (UTC +04:00)
Avqustun 24-də Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının 4-cü iclası keçirilib. Komissiyada təmsil olunan aidiyyəti qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyəti, əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub. Bu barədə şənbə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının 4-cü iclası keçirilib

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Avqustun 24-də Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının 4-cü iclası keçirilib. Komissiyada təmsil olunan aidiyyəti qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyəti, əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub. Bu barədə şənbə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

İclasda çıxış edən İqtisadi İnkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən hərtərəfli inkişaf strategiyası qısa müddət ərzində ölkəmizin sosial-iqtisadi inkişafını təmin etmiş, Azərbaycanın iqtisadi qüdrətini artırmış və ölkəmiz beynəlxalq iqtisadi sistemə inteqrasiya etmişdir. Əldə olunmuş siyasi və makroiqtisadi sabitlik, ölkədə bərqərar olmuş demokratik və azad cəmiyyət, insan hüquq və azadlıqlarına hörmət, habelə uğurlu milli sosial-iqtisadi inkişaf modeli Azərbaycanı beynəlxalq müstəvidə etibarlı tərəfdaşa çevirmişdir. Nazir Şahin Mustafayev bildirmişdir ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı ilə davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Bu münasibətlərin əsası 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Azərbaycanın Avropa Qonşuluq Siyasətinə qoşulması ilə qoyulmuşdur. 2006-cı ildə bu siyasət çərçivəsində qəbul edilmiş Fəaliyyət Planı, 2009-cu ildə qoşulduğumuz Şərq Tərəfdaşlığı Təşəbbüsü, həmçinin enerji sahəsində əməkdaşlıq sənədləri Avropa İttifaqı ilə ikitərəfli və çoxtərəfli münasibətlərin daha da genişlənməsinə zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin son 10 il ərzində Avropa Komissiyasına həyata keçirdiyi 5 səfər, habelə 2011-ci və 2012-ci illərdə Avropa İttifaqı Şurası və Avropa Komissiyası prezidentlərinin Azərbaycana səfərləri bu münasibətlərin inkişafına böyük təkan vermiş, bərabərhüquqlu və qarşılıqlı hörmət üzərində qurulmuş səmərəli əməkdaşlığı təşviq etmişdir.

Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payının 41%-i ötdüyünü, bu ilin ilk 6 ayında isə 43,7% olduğunu vurğulamışdır. Son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanda əsas kapitala yönəlmiş və qeyri-neft sektoruna qoyulmuş birbaşa investisiyalarının ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 51% və 36,5% olmuşdur. Avropa İttifaqının 20 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılmışdır. Azərbaycanın sürətli inkişafı bir sıra Avropa ölkələrinə də investisiya qoyuluşu üçün imkan yaratmışdır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və Trans-Adriatik Təbii Qaz Boru Kəməri layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir.

Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün geniş dialoq məkanı mövcuddur. Şərq Tərəfdaşlığı Təşəbbüsünün müxtəlif platforma və panelləri, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində Əməkdaşlıq Şurası, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, AVRONEST və digər təsisatlar çərçivəsində mütəmadi görüşlər keçirilir, Avropa Qonşuluq Siyasətinin və Şərq Tərəfdaşlığı Təşəbbüsünün mövcud vəziyyəti, tərəflər arasında hüquqi, siyasi, iqtisadi, ticari, sosial, regional əməkdaşlıq imkanları, Avropa İttifaqının müxtəlif yardım proqramları müzakirə edilir. Bundan başqa, hazırda müvafiq dövlət qurumları tərəfindən Avropa İttifaqı ilə Assosiasiya Sazişi, Vahid Aviasiya Məkanı Sazişi və ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı üçün yeni imkanlar yaradan Müasirləşmə üzrə Strateji Tərəfdaşlıq Sənədi üzrə danışıqlar aparılır.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev isə çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin mövcud vəziyyəti, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində görülən işlər, müzakirə edilən sazişlər üzrə aparılan danışıqlar, habelə bu sahədə nəzərdə tutulmuş tədbirlər barədə komissiya üzvlərinə məlumat vermişdir.
İclasda, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov çıxış etmişdir.

İclasda Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının işinin təkmilləşdirilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasına dair Tədbirlər Planı üzrə müvafiq qərarlar qəbul edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti