Azərbaycan, Bakı, 26 avqust /Trend/
"PAŞA Bank" və British Council Böyük Britaniyanın Tomson Fondu təşkilatının dəstəyi ilə məmnuniyyətlə jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi təlim proqramını elan edirlər.
Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə peşəkar bilik və səriştənin artırılmasında milli mətbuata (televiziya, çap və elektron mətbuat) kömək etməkdir.
Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, 2013-cü ilin noyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 10-15 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı fəal iştirak və yekun müsahibə nəticəsində seçilmiş 2 iştirakçı Böyük Britaniyada Tomson Fondu təşkilatı tərəfindən təşkil edilmiş yay təçrübə proqramında iştirak edəcəkdir. Layihə çərçivəsində iştirakçılara biznes jurnalistika təlimi ilə yanaşı ayrılıqda ingilis dili kursları da keçiriləcəkdir.
Bildirmək istərdik ki, layihəyə paytaxt Bakıdan olan jurnalistlərlə yanaşı bölgələrdən olan media işçiləri də qatıla bilərlər.
Qeyd: Əvvəlki biznes jurnalistikası layihəsində iştirak edən iştirakçılar bu layihəyə yenidən müraciət edə bilməzlər.
Proqram əsasən jurnalistlərin aşağıdaki bilik və səriştələrini artırmağı nəzərdə tutur:
• Məqalə yazma tərzləri
• Oçerklərin yazılması
• Reportajların hazırlanması
• Xəbərlərin yazılması
• Müsahibə alma texnikası və praktikası
Təlim aşağıdaki mövzuları əhatə edəcəkdir:
• İqtisadiyyat jurnalistikası
• Biznes jurnalistikası və onlayn media
• Etika qaydaları, məlumatın balanslı və doğru çatdırılması
Seçiləcək iştirakçılardan tələb olunanlar:
1. Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
2. Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli
3. Bütün təlim kurslarında iştirak edə bilməli:
• 3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla noyabr 2013, yanvar və aprel 2014-də keçiriləcəkdir)
• Böyük Britaniyada yay təcrübə proqramı
Qeyd: İştirakçıların bütün təlim kurslarında iştirak etmələri mütləqdir!