Azərbaycan, Bakı, 6 sentyabr /Trend /
Sentyabrın 6-da SGS şirkətinin təşkilatçılığı ilə Bakıda Azərbaycanın aparıcı şirkətlərinin rəhbər heyəti üçün "Rəhbərlər liderliyi metodologiyasının praktiki realizasiyası" mövzusunda seminar keçirilib. Bu barədə şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir.
Tədbirdə Azərbaycanın 60 iri şirkətinin rəhbərləri iştirak ediblər. Seminarda çıxış edən məruzəçilər tədbir iştirakçılarına keyfiyyətin idarə olunması sisteminin tətbiqi və fəaliyyəti, həmçinin, sözügedən sistemin daim yaxşılaşdırılmasında rəhbərliyin rolunun əhəmiyyətindən danışıblar.
Seminarın bu mövzusu Azərbaycanda sözügedən sahədə müəyyən problemlərin olması ilə əlaqədardır. Seminarda çıxış edən SGS şirkətinin Xəzər regionu üzrə SSC meneceri Alişer Mahmudov vurğulayıb: "Biz Azərbaycan şirkətlərinə mövcud boşluqları doldurmaq üçün yardım etmək niyyətindəyik. Seminar çərçivəsində iştirakçılar şirkət rəhbərliyi üçün metodologiya üzrə nəzəri biliklərlə tanış olacaq".
Seminarın əsas məqsədi Azərbaycan şirkətlərində keyfiyyətli idarəetmənin tətbiqidir.
Tədbirdə ARDNŞ, "Akkord", "Coca-Cola", Azərbaycan Beynəlxalq Sığorta Şirkəti, "Silk Way", "AFB Bank", "Baltika-Baku", "Azerkimya", "Azinko" və bu kimi şirkətlərin rəhbər heyəti iştirak edib.
Qeyd edək ki, analoji seminarlar Tailand, Qazaxıstan, Özbəkistan və Ukraynada keçirilib.
SGS şirkəti ekspertiza, nəzarət, yoxlama və sertifikasiya sahələrində dünya lideridir. Şirkətin adı keyfiyyət və etibarlılıq etalonuna çevrilib. SGS-ın dünya üzrə 1 500-dən artıq ofis və laboratoriyası mövcuddur ki, orada 75 mindən çox işçi çalışır.