Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
Sentyabr ayının 17-də Horadiz qəsəbəsində və Bərdə şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş ümumtəhsil məktəblərinin müəllimlərinə "vergi dostu" sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Horadizdə təlimi müvəffəqiyyətlə başa vurmuş 40 nəfər, Bərdədə isə 111 nəfər "vergi dostu"na üzvlük sertifikatı, "vergi dostu"nun yaddaş kitabçası və kompüterlər təqdim olunmuş, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalamışlar.
Sentyabr ayının 19-da isə Şəmkir şəhərində yerləşən 164 nəfər "vergi dostu"na sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən Ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə "Vergi dostları" şəbəkəsinin yaradılması barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, indiyədək respublika üzrə 907 nəfər müəllimə müvafiq təlim keçilmiş və "vergi dostu" sertifikatı təqdim olunmuşdur. "Vergi dostu" olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.
Qeyd edək ki, hazırda "vergi dostları"nın sayı respublika üzrə 1071 nəfərə çatmışdır.
Tədbirlərdə müvafiq rayonların icra hakimiyyətinin nümayənədləri, Vergilər Nazirliyinin vəzifəli şəxsləri və ictimaiyyətin digər nümayəndələri iştirak etmişdir.