Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Azərbaycan banklarından biri mərkəzi ofisi Bəhreynin paytaxtı Manamada yerləşən Türkiyəyə məxsus "TAİB Bank"ın səhmlərinin alınması üzrə danışıqlarda iştirak edir. Bu barədə Trend Türkiyənin "Hürriyet" qəzetinə istinadən bildirib.
Nəşrin məlumatına görə, "TAİB Bank" 2012-ci ilin sentyabrında Türkiyənin "Aksoy Holding"i tərəfindən Dubay (BƏƏ) şeyxindən alınıb. Sonra holding bankın nizamnamə kapitalını 80 milyon lirəyədək artırıb və bankın səhmlərinin böyük hissəsinin satılması barədə qərar qəbul edib.
Qəzet yazır ki, holdinqin direktoru Erdal Aksoy bankın səhmlərinin bir hissəsinin satılması barədə Azərbaycan banklarından biri ilə danışıqlar aparılması barədə faktı təsdiqləyib. Bununla yanaşı Aksoy Azərbaycan bankının adını çəkməkdən imtina edib.
Digər Türkiyə KİV-in yaydığı məlumata görə, "TAİB Bank"ın səhmlərinin alınmasına hazırda Türkiyənin bank sektoruna daxil olmağa çalışan Azərbaycanın "Paşa Bank"ı maraq göstərir.