Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Axundov/
"İnvest-Az" MMC Bakı Fond Birjası (BFB) platforması üzərindən "Forex" və CFD bazarlarında ticarət üzrə ilk likvidlik provayderi olub. Trend-in məlumatına görə, bununla bağlı sazişi bazar ertəsi şirkətin rəhbəri Elşən Quliyev və birjanın İdarə Heyətinin sədri Emin Muradov imzalayıb.
Bir müddət əvvəl BFB "MetaTrader 4" ticarət platformasının istifadəsi və onun üçüncü tərəfə təqdim edilməsi hüququnu əldə edib. Birja tərəfindən təqdim olunan ticarət platforması Azərbaycanda "Forex" ticarətinin yeni standartını müəyyənləşdirir. Bu yenilik beynəlxalq maliyyə bazarları tərəfindən də maraqla qarşılanıb.
E.Quliyev Trend-ə bildirib: "Əgər daha əvvəl hər hansı bir struktur "Forex" xidmətlərini təqdim etmək istəyirdisə, onda xaricdə olan tərəfdaşla müqavilə imzalamalı və onunla "White label" sxemi ilə işləməli idi. Yəni Azərbaycan bankları öz brendləri altında müştərilərə digər şirkətin platformasını təqdim edirdi. İndi isə bu xidməti BFB-də təqdim edə bilər. Likvidlik provayderi kimi bizim şirkət çıxış edir. Biz bu sahədə 10 ildən çoxdur işləyirik və lazımi texnologiyalara malikik".
Onun sözlərinə görə, BFB ilə belə əməkdaşlıq banklar üçün sərfəlidir: "Bu yerli banklar üçün sərfəli olacaq və riteyl-müştərilər üçün şərtlərə təsir edəcək. Bankların təklif edəcəyi şərtlər onların öz işidir. Bizim hədəfimiz vahid kotirovkaların yaradılmasıdır və bunun üçün texnologiyalar artıq yaradılıb. Biz artıq bazarın peşəkar iştirakçıları ilə müzakirələrə başlamışıq və müsbət rəylər əldə etmişik. Yaxın ayılarda banklarla bütün danışıqlar yekunlaşacaq".