Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada emitent defoltunun uzunmüddətli reytinqini sabit proqnozla "BBB-", qısamüddətli reytinqini "F3", ölkə həddini isə "BBB-" səviyyəsində təsdiq edib. Trend xəbər verir ki, bu barədə cümə günü agentliyin yaydığı məlumatda bildirilir.
Reytinqin təsdiqlənməsini bu amillər şərtləndirir:
2010-cu ildə 20 faiz azalmadan sonra neft hasilatının həcmləri sabitləşir ki, bu da dövlət maliyyəsinin artımı üzrə qısamüddətli proqnozları yaxşılaşdırır. "Fitch" gözləyir ki, 2015-ci ildə neft hasilatı bir qədər də artacaq. Uzunmüddətli perspektivdə isə neft hasilatı həcmi əsas yataqda hasilatın təbii şəkildə azalması ilə əlaqədar azalacaq.
"Fitch"in proqnozuna görə, 2012-ci ildə 2,2 faiz olan real ÜDM-in ümumi artımı 2013-cü ildə beş faiz təşkil edəcək.
Agentliyin məlumatında bildirilir: "Dövlət xərcləri sayəsində 2013-cü ildə qeyri-neft sektoru 10 faiz artacaq, lakin 2014 və 2015-ci ildə bu göstərici az olacaq. Azərbaycanın dövlət balansı reytinq verilən suveren emitentlər arasında ən güclülərdən biridir və ölkənin neft gəlirlərindən olan yüksək asılılığı azaldır. Azərbaycan Dövlət Neft Fondunun müstəqil aktivləri 2012-ci ilin sonundan etibarən 600 milyon dollar artaraq 2013-cü ilin iyun ayının sonuna 34,7 milyard dollara çatıb".
Son illərdə dövlət xərcləri artıb; 2013-cü ilin yeddi ayı ərzində dövlət xərcləri 19 faiz artaraq ÜDM-in 40 faizinə çatıb.
Məlumatda bildirilir: "2014-cü il büdcə layihəsi xərclərin artımının yavaşımasını, ARDNF-dən büdcəyə transfertlərin 9,34 milyard manatadək (2013-cü ildə bu göstərici 11,35 milyard manat olub) azaldılmasını nəzərdə tutur".
Agentlik gözləyir ki, cari əməliyyatlar nəticəsində 2013-cü ildə Azərbaycanda profisit ÜDM-in 17 faizini təşkil edəcək. Bu, 2012-ci ildə qeydə alınan göstəricidən dörd bənd aşağı olmasına baxmayaraq, hələ də "Fitch" tərəfindən reytinq verilən ölkələr arasında ən yüksək göstəricilərdən biridir.