Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Bakı şəhərinin daha bir rayonunda fasiləsiz su təchizatı rejiminin tətbiqinə başlanılıb.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin noyabr ayından paytaxtın Nizami rayonunun böyük bir hissəsinə 24 saat fasiləsiz içməli suyun verilməsi istiqamətində işlərə start verilib.
Görülmüş işlərin nəticəsi olaraq artıq Nizami rayonunda xidmət göstərilən 51 490 abonentin 46 mini fasiləsiz su ilə təmin edilib. Başqa sözlə, hazırda Nizami rayonu üzrə 202 min sakinin 182 min nəfəri və ya 90 faizdən çoxu 24 saat fasiləsiz su alır.
Hələlik rayonun yalnız Elşən Süleymanov, Bəhruz Nuriyev, Şərifli küçələrinin bir hissəsinə, eləcə də Keşlə qəsəbəsinin bəzi yerlərinə içməli su qrafiklə verilir. Həyata keçirilən yenidənqurma işləri tam başa çatdıqdan sonra bu ərazilərə də 24 saat içməli suyun verilməsi təmin ediləcək.
İndiyədək görülmüş işlər nəticəsində rayon ərazisindəki 109 məhəllədaxili nasos stansiyasından 36-nın fəaliyyəti dayandırılıb. İşlər tam başa çatdıqdan sonra məhəllədaxili nasos stansiyalarının böyük əksəriyyəti ləğv ediləcək ki, bu da elektrik enerjisinə qənaət deməkdir.
Anbarlarda və magistral xətlərdə aparılan yenidənqurma işləri ilə paralel olaraq Nizami rayonu ərazisindəki çoxmənzilli yaşayış binalarının şəbəkələri yenidən qurulur. Layihə çərçivəsində binaların zirzəmilərində istismar müddətini başa vurmuş su xətləri ləğv edilir, əvəzində binaların həyətindən keçməklə yeni polietilen boru çəkilir və hər bir girişdə siyirtmələr quraşdırılır. Layihəyə uyğun olaraq, mənzilləri su ilə təmin edən dik dayaqlar pilləkən qəfəslərinə çıxarılır və hər bir abunəçi smart-kart tipli sayğacla təmin edilir.
İndiyə qədər Nizami rayonunda 42 binada bu işlər tam başa çatdırılıb, 2182 mənzilə smart-kart tipli su sayğacları quraşdırılıb. Hazırda 222 binada işlər davam etdirilir, 186 bina üzrə isə layihələndirmə işləri aparılır.
Qeyd edək ki, Nizami rayonunun içməli su təchizatının yaxşılaşdırılması mərkəzi anbarlarda, magistral su xətlərində, eləcə də binadaxili paylayıcı sistemlərdə əsaslı yenidənqurma işləri nəticəsində mümkün olub. Belə ki, Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan "+69 Şərq" və "+110 Şərq" anbar komplekslərində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində anbarlara daxil olan borular yenilənib, kəmərlərin üzərindəki siyirtmələr müasir tələblərə cavab verən yeniləri ilə əvəz olunub, kollektorlar tamamilə yenidən qurulub. Bununla da istehlakçıları içməli su ilə təmin edən nasos stansiyalarına ötürülən suyun həcmi artırılıb.