...

Yardımlıda sahibkarlara güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 15:56 (UTC +04:00)
Bu gün Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda bu ilin ikinci tədbirini Yardımlı rayonunun Avaş kəndində keçirib.
Yardımlıda sahibkarlara güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bu gün Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda bu ilin ikinci tədbirini Yardımlı rayonunun Avaş kəndində keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 70-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Yardımlı rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının, arıçılıq təsərrüfatlarının o cümlədən, sənaye üsulu ilə bal istehsalı müəssisəsinin, meyvə emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, ötən il güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələr, güzəştli kredit alınması üçün yaradılmış elektron idarəetmə sistemi və onun üstünlükləri barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, 2013-cü ildə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 4468 investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 12 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2013-cü ildə Lənkəran iqtisadi rayonunda heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, istixana təsərrüfatlarının yaradılması, tikinti materiallarının istehsalı və s. investisiya layihələrinin maliyyələşdirilməsinə 21,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 1200-ə yaxın yeni iş yerinin açılmasına imkan verir.

Tədbirdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Yardımlı və ətraf rayonlarda fəaliyyət göstərən 26 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 2,8 milyon manat güzəştli kreditin verilməsi barədə qərar qəbul edildiyi sahibkarların diqqətinə çatdırılıb. Bu kreditlər əsasən heyvandarlıq, quşçuluq, istixana təsərrüfatlarının yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq.

Tədbir çərçivəsində Masallı rayonunda güzəştli kredit ayrılmış ildə 650 ton tərəvəz məhsulları istehsal etmək gücünə malik müasir istixana təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti