...

"Aznur" Bakıda 300-ə yaxın elektromobilin icarəsini təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2014 14:49 (UTC +04:00)
Almaniya, Avstriya, Avstraliya və Belarus kimi ölkələrdə avtomobillərin kirayə və icarəsi ilə məşğul olan "Aznur" şirkəti Avropa istehsalı olan 250-300 elektromobili Azərbaycana idxal etmək niyyətindədir.
"Aznur" Bakıda 300-ə yaxın elektromobilin icarəsini təşkil edəcək

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir E.İsmayılov/

Almaniya, Avstriya, Avstraliya və Belarus kimi ölkələrdə avtomobillərin kirayə və icarəsi ilə məşğul olan "Aznur" şirkəti Avropa istehsalı olan 250-300 elektromobili Azərbaycana idxal etmək niyyətindədir. Bunu bazar ertəsi Trend-ə şirkətin icraçı direktoru Nərgiz İsgəndərzadə deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda ilk belə xarakterli layihədir. Avtomobillər kirayə və icarə məqsədləri üçün istifadə olunacaq. Gələcəkdə onların taksi qismində istifadə olunması imkanları nəzərdən keçirilir.

Şirkət elektromobillərin istifadəsi ilə yanaşı, onlara xidmət göstərmək və enerji ilə doldurmaq üçün infrastruktur da yaratmaq niyyətindədir.

N.İsgəndərzadə bildirib ki, hazırda elektromobillərin iri istehsalçıları ilə danışıqlar aparılır və yaxın zamanda müqavilə imzalandıqdan sonra Azərbaycana idxal ediləcək markanın adı açıqlanacaq.

Onun sözlərinə görə, Azərbaycanın və xüsusilə Bakının dinamik inkişafı digər ölkələrdə yayılmış müasir texnologiyaların tətbiqini tələb edir. Belə istiqamətlərdən biri elektromobillərin geniş istifadə olunmasıdır.

Qeyd edək ki, belə avtomobillərin əsas üstünlüyü onların ekologiyaya ziyan vurmamasıdır.

Azərbaycanın "Aznur" şirkəti 2002-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti