Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Əliyev/
"Pasha Bank" bu ilin sentyabrında özünün yeni fəaliyyət strategiyasının hazırlanmasını başa çatdıracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə bankın İdarə Heyətinin sədri Fərid Axundov bankın 2013-cü ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş illik mətbuat konfransında bildirib.
O deyib: "Yeni dördillik strategiya ölkəmizdə və ümumilikdə regionda işimizin istiqamət və perspektivlərini əhatə edir. Belə istiqamətlər arasında xaricdə [Gürcüstanda və ola bilsin ki, Türkiyədə] törəmə strukturların inkişafı, İKT və digər sahələrdə layihələr var".
F.Axundovun sözlərinə görə, bank ötən 2013-cü ilə investisiyalar ili kimi baxır.
Onun sözlərinə görə, "Pasha Bank"-ın əsas məqsədi regional biznesin qurulmasıdır: "Bununla əlaqədar biz Gürcüstandakı ilk törəmə bankın uğurlarını qeyd etdik. 2013-cü ildə "Pasha Bank Georgia"nın dördillik inkişaf strategiyası qəbul edildi və biz onun perspektivli olacağına inanırıq. Bizim üçün digər maraqlı bazar Türkiyədir. Biz regionda ticarəti maliyyələşdirmək və regionun 3 ölkəsində işgüzar prosesləri birləşdirən Bakı-Tbilisi-İstanbul üçbucağında iştirak etmək niyyətindəyik".
"PAŞA Bank"- Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və dörd filial ilə təmsil olunan "PAŞA Bank"da 221 əməkdaş çalışır.
"Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.
"PAŞA Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan "PAŞA" Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da "PAŞA" Şirkətlər Qrupuna aiddir.