...

Azərbaycan biznesi 2014-cü il üçün güzəştli maliyyələşdirmənin təqribən 39 faizini mənimsəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2014 18:59 (UTC +04:00)
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunun Vilvan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Azərbaycan biznesi 2014-cü il üçün güzəştli maliyyələşdirmənin təqribən 39 faizini mənimsəyib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Z.Qurbanova/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunun Vilvan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Lənkəranda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, müasir suvarma sistemlərinin tətbiqi ilə intensiv bağçılıq, tərəvəzçilik və çayçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 2127 sahibkara 108,6 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1724 investisiya layihəsinin maliyyələşdirilməsinə 85,2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, çayçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 9700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Lənkəran və ətraf rayonlardan olan 49 sahibkara 11,1 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, arıçılıq, çayçılıq, əkinçilik, çörək, süfrə suyu, konserv məhsullarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

İşgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Forum çərçivəsində Lənkəran rayonun Digah kəndində güzəştli kredit ayrılmış gündəlik istehsal gücü 15 ton olan çörək zavodunun fəaliyyətinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti