Azərbaycan, Bakı, 17 iyul /Trend/
Azərbaycanın ən böyük banklarından biri olan "PAŞA Bank" xarici investor - "Bank of Georgia" tərəfindən Azərbaycan manatı ilə yerli korporativ qiymətli kağızların əldə edilməsi üzrə iri sazişin market-meykeri qismində çıxış edib. Sazişin vasitəçisi isə "PASHA Capital" olub.
Bu saziş xarici investorların nəinki Azərbaycanın borc bazarında fəal iştiraka, həm də risklərin yerli milli valyutada qəbul edilməsində artan marağını əyani şəkildə göstərir.
PAŞA Bankın Baş investisiya direktoru Taleh Kazımovun sözlərinə görə, "Bank of Georgia" ilə əməkdaşlıq nəinki yerli bazarda, həm də onun hüdudlarından kənarda "PAŞA Bank"a olan yüksək etimadı bir daha təsdiq edir.
"Əminəm ki, "PAŞA Bank"ın market-meyker rolunda çıxış etdiyi bu saziş bizimlə "Bank of Georgia" arasında bu sahədə gələcək məhsuldar əməkdaşlığın təminatı olacaq. "PAŞA Bank" gələcəkdə də bazarın peşəkar iştirakçısı kimi mövqeyini möhkəmləndirmək , yerli və xarici maliyyə institutları ilə münasibətlərini genişləndirmək niyyətindədir", - deyə T.Kazımov bildirmişdir.
Qeyd edək ki, "Bank of Georgia" son 5 ildə yerli bazarda Azərbaycan manatı ilə korporativ qiymətli kağızları əldə edən ilk xarici investorlardan biri olub.
"PAŞA Bank" - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də; kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və altı filial ilə təmsil olunan "PAŞA Bank"da 268 əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.