Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/
Seneqal üçün narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə baxımından Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilə əməkdaşlıq çox vacibdir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Seneqalın İqtisadiyyat və Maliyyə Nazirliyi Baş Gömrük İdarəsinin baş direktorunun müavini Ndiaye Aliou DKG-nın sədri Aydın Əliyevin başçılığı ilə Komitə nümayəndələri ilə görüşdə deyib.
A.Əliyev Azərbaycanın gömrük sahəsindəki uğurları haqqında Seneqal nümayəndə heyətinə məlumat verərək qeyd edib ki, DGK elektron hökumətin qurulmasında iştirak edən qabaqcıl strukturlardan biridir: "Azərbaycan və Seneqal dost ölkələrdir və DGK öz tərəfindən Seneqala maraq göstərdiyi bütün sahələrdə dəstək verməyə hazırdır".
İki ölkə arasında hökumətlər səviyyəsində hələ heç bir rəsmi sənədin imzalanmadığını vurğulayan A.Əliyev kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması üzərində düşünməyi təklif edib.
N.Aliounun sözlərinə görə, Seneqal, öz növbəsində Azərbaycan tərəfinin hazırlıq haqqında təklifinin tezliklə həllini tapması üçün lazım olan hər şeyi etməyə hazırdır: "Əlbəttə ki, biz sizin təcrübənizi öyrənməklə gömrük idarəmizin fəaliyyətində uğurlar qazanmaq üçün bu imkandan istifadə edəcəyik".
O bildirib ki, DGK ilə əməkdaşlıq Seneqal ərazisində narkotik qaçaqmalçılığı ilə mübarizə baxımından çox vacibdir.