...

Sığorta Azərbaycanda aldadılmış payçıların probleminin həllinə kömək etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2014 12:30 (UTC +04:00)
Azərbaycanda aldadılmış payçıların bugünkü şəkildəki problemini sığorta vasitəsilə həll etmək mümkün olmayacaq.
Sığorta Azərbaycanda aldadılmış payçıların probleminin həllinə kömək etməyəcək

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda aldadılmış payçıların bugünkü şəkildəki problemini sığorta vasitəsilə həll etmək mümkün olmayacaq. Bu barədə cümə günü Trend-ə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib.

N.Xəlilov deyib: "Azərbaycanda tikinti sahəsində mövcud olan problemlər, məsələn, bir mənzilin bir neçə müştəriyə satılması, evlərin yarımçıq tikintisi, xüsusən də aldadılmış payçıların problemləri bugünkü şəkildə sığorta vasitəsilə həll ediləcək problemlər deyil. Müxtəlif ölkələrdə bu problemlər müxtəlif cür həllini tapır və bu beynəlxalq təcrübəni öyrənmək vacibdir".

Onun sözlərinə görə, sığorta müəyyən qaydalar üzrə çalışan sistemdə məna kəsb edir: "Bu gün Azərbaycanda heç kim bir mənzilin bir neçə adama satılmamasına nəzarət edə bilmir. Belə şeylərin sığortasının hətta heç tələb olunmadığı işlək sistemin yaradılması vacibdir. Məsələn, Rusiyada problemi belə həll ediblər: evin tikintisi başlanan kimi dövlət reyestrində qeydiyyatdan keçmək, mənzillərin sayı, onların sahəsi, spesifikasiyası, daha hansılarının tikiləcəyi barədə məlumat vermək lazımdır. Həmin mənzillərin hər birinin alqı-satqı müqaviləsi də qeydiyyatdan keçir. Beləliklə, dövlət etiraf edir ki, konkret mənzil konkret vətəndaşa məxsus olacaq. Və əgər digər vətəndaş elə həmin, amma mənzilin dövlətdə qeydiyyatdan keçməmiş müqaviləsini təqdim edərsə, onda problem birincinin xeyrinə həll olunur".

N.Xəlilov qeyd edib ki, inşaat şirkətlərinin "yoxa çıxması" məsələsi də sığorta ilə həll edilmir: "Xarici ölkələrdə bu sahədə də müəyyən təcrübə mövcuddur. Məsələn, bəzi ölkələrdə tikinti şirkəti tikintiyə başlamazdan əvvəl banka müəyyən bloklanmış depozit qoymalıdır. Tikinti başa çatmadığı vaxt bina bu depozit hesabına tikilib başa çatdırılır, ya da payçıların borcları verilir. Digər ölkələrdə ev tam tikilib başa çatmayanadək insanlardan pul almaq ümumiyyətlə qadağan edilir. Yəni şirkət evin tikintisi tam başa çatmayınca və dövlət tərəfindən qəbul olunmayınca mənzilləri sata bilməz. Yalnız müəyyən prosedurlardan sonra mənzillərin satışı üzrə müqavilələr bağlamağa başlamaq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti