...

Azərbaycan Gürcüstandan avtomobil idxalını yenə də azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2015 23:00
2015-ci ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 2207 minik avtomobili ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,4 dəfə azdır.
Azərbaycan Gürcüstandan avtomobil idxalını yenə də azaldıb

Trend-i buradan izləyin

.Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 2207 minik avtomobili ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,4 dəfə azdır. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2015-ci ilin ilk 6 ayının yekunları üzrə xarici ticarət haqqında hesabatında deyilir.

Hesabata əsasən, qeyd edilən dövrdə Gürcüstandan Azərbaycana ümumi dəyəri 41,4 milyon dollar olan avtomobillər ixrac edilib.

Göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 31,66 faiz təşkil edib. Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 41,61 faiz təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 3,6 dəfə (dəyər baxımından), say nisbətində isə 9,75 min ədəd azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 147,48 milyon dollar həcmində 11,96 min avtomobil ixrac edilib.

Ölkəyə avtomobil idxalının azalması aprel ayının 1-dən Azərbaycanda tətbiqinə başlanılan Avro-4 ekoloji standartına keçidlə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır. Avtomobillər Gürcüstana xaricdən gətirilir.

2015-cü ilin yanvar-iyun aylarında Azərbaycan ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan malların idxalını 2,2 dəfə azaldıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 130,77 milyon dollar məbləğində mal ixrac edilib ki, bu da Gürcüstanın ümumi ixracının 12,1 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti