Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Azad Həsənli/
Bakının torpaq kadastrının yaradılması üzrə işlər başa çatdırılır.
Trend xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Komitənin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası mövzusunda təşkil etdiyi işgüzar forumda çıxışı zamanı bildirib.
R.Cəlilov qeyd edib ki, artıq Sumqayıtda torpaq kadastrı yaradılıb: "Bu gün günün ikinci yarısında Bakıda əmlakların qeydiyyatı üzrə son işlər başa çatacaq".
Bundan başqa, komitənin sədr müavini bildirib ki, 2016-cı ildə Gəncə və Şəkinin torpaq kadastrının yaradılması üzrə işlər başa çatdırılacaq.
R.Cəlilov bildirib ki, rəqəmsal torpaq kadastrı vasitəsilə seçilmiş ərazidə məktəb və xəstəxanaların sayını, onların yerləşməsini, yolların uzunluğunu təyin etmək olar.
O qeyd edib ki, hələlik regionların sadələşdirilmiş kadastr bazası hazırlanıb, lakin gələcəkdə baza təkmilləşdiriləcək: "Yeni kadastr bazasında eyni zamanda torpağın növü, keyfiyyəti barədə lazımi informasiya əks olunacaq. Bütün bu informasiyadan digər dövlət orqanları, məsələn Kənd Təsərrüfatı nazirliyi istifadə edə biləcək. Ümumilikdə ölkənin bütün rəqəmsal kadastr bazası 2018-ci ilədək yaradılacaq".