...

Türkan qəsəbəsində işgüzar forum keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2015 15:16 (UTC +04:00)
Xəzər rayonunun Türkan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair forum keçirib.
Türkan qəsəbəsində işgüzar forum keçirilib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Elmir Murad/

Xəzər rayonunun Türkan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair forum keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən Trend-ə verilən məlumata görə, qurum yanında Sahibkarlığa Kömək Milli Fondunun təşkil etdiyi işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Xəzər rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

70-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana, zeytunçuluq və üzümçülük (istixana şəraitində) təsərrüfatlarının, ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 4100-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 145,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1119 investisiya layihəsinin maliyyələşdirilməsinə 264,2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 7,4 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər çörək istehsalı, heyvandarlıq, quşçuluq, istixana kompleksinin yaradılması və s. sahələrə yönəldiləcək.

Forum çərçivəsində Xəzər rayonunun Türkan qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış 7,5 ha ərazidə ildə 2,3 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan müasir istixana kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Qeyd edək ki, son illər ərzində Bakı qəsəbələrində tərəvəz məhsulları, dekorativ bitkilər, tərəvəz ştilləri istehsal edən 24 müasir istixana kompleksinin yaradılmasına 61,4 milyon manat dövlətin güzəştli kreditləri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti