...

Yekaterinburqda Azərbaycanın növbəti logistik mərkəzinin yaradılması üzrə işlər aparılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2016 16:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
Yekaterinburqda Azərbaycanın növbəti logistik mərkəzinin yaradılması üzrə işlər aparılır (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə kollegiya iclasının iştirakçıları cəbhə xəttində baş vermiş son hadisələr zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Kollegiya iclasında iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesində müasir və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər davam etdirilir. 3-ü bu ilin birinci rübündə olmaqla, 7 şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib ki, bu rezidentlərin layihәlәri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 mlrd. ABŞ dolları tәşkil edəcək. Bu yaxınlarda daha bir neçə şirkətin rezidentliyə qəbul edilməsi məsələsinə baxılacaq.

Eyni zamanda, yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır, ənənəvi sənaye sahələrinin, o cümlədən xalçaçılığın inkişafı məqsədi ilə tədbirlər həyata keçirilir. Bundan başqa, Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlər görülür.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, məhsuldarlığın artırılması, istifadəsiz torpaq sahələri ilə bağlı tədbirlərin görülməsi, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün və çayçılığın inkişafı istiqamətində bir sıra tapşırıqlar verilib. Nazir Ş.Mustafayev bu tapşırıqların icrası istiqamətində görülən işlər barədə məlumat verib və diqqətə çatdırıb ki, ənənəvi sahələrdən olan pambıqçılığın və tütünçülüyün inkişaf etdirilməsi məqsədilə stimulaşdırma tədbirləri həyata keçirilir, bu sahədə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, fermerlərdən pambıq və tütünün alış qiyməti artırılıb. Bundan başqa, pambıq və tütün, eləcə də digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların problemləri və təklifləri öyrənilir. Hazırda bu təkliflərin reallaşdırılması üçün tədbirlər görülür. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Aparılan iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərindən danışan Ş.Mustafayev sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunmasının özəl sektorun inkişafında mühüm əhəmiyyətini qeyd edib, bu sahədə görülən işlər müzakirə olunub.

Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar paketinin əsas istiqamətlərindən olan ölkədə investisiya fəaliyyətinin genişləndirilməsində "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının mühüm əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, investisiya təşviqi sənədinin verilməsi qaydalarının layihəsi artıq hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Bu tədbirlər sahibkarlar tərəfindən ölkə iqtisadiyyatına, o cümlədən regionlara yeni investisiyaların cəlb olunmasını daha da stimullaşdıracaq.

Ş.Mustafayev, həmçinin dövlət başçısının "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ilə İqtisadiyyat Nazirliyi qarşısında bir sıra mühüm vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Qarşıdakı dövrdə ekoloji məsələlər də prioritet istiqamətlərdən biri olaraq qalacaq. Dövlət başçısının tapşırığına uyğun olaraq, Böyükşor gölünün təmizlənməsinin ikinci mərhələsinə başlanılacaq.

Sonra nazirliyin əlaqədar struktur bölmələrinin rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər. Qeyri-neft ixracının artırılması ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumat verən Ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə mexanizminə, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsinə və s. qaydaların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Hazırda logistik imkanların genişləndirilməsi məqsədilə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində Azərbaycanın növbəti Logistik Mərkəzinin yaradılmasına dair işlər aparılır.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf məruzəsində sənaye məhəllələrinin yaradılması üzrə görülən işlərə dair məlumat verib. Bildirilib ki, Neftçala Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Sahibkarlar tərəfindən Azərbaycan İnvestisiya Şirkətinə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilib və ilkin mərhələdə 7 layihə icra olunacaq. Hazırda Masallı, Ağdam, Füzuli, Lənkəran, Şabran və Şəmkir rayonlarında da sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır. Artıq Masallı, Ağdam və Füzuli rayonlarında sənaye məhəlləsinin yaradılması təklif edilən əraziyə baxış keçirilib, müvafiq inftrastrukturla təmin olunma imkanları araşdırılıb, sahibkarlarların təklifləri öyrənilib.

Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti