...

Aydın Əliyev: Azərbaycanda idxal gömrük rüsum dərəcələrinin təkmilləşdirilməsi davam etdirilə bilər (MÜSAHİBƏ) (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2017 08:00 (UTC +04:00)
Qısa zamanda “Tax Free” sisteminin tətbiqi ölkəmizin bütün sərhəd-gömrük məntəqələrində həyata keçiriləcək.
Aydın Əliyev: Azərbaycanda idxal gömrük rüsum dərəcələrinin təkmilləşdirilməsi davam etdirilə bilər (MÜSAHİBƏ) (ÖZƏL)

Bakı. Azad Həsənli - Trend:

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Trend İnformasiya Agentliyinə müsahibəsi

- Azərbaycanda gömrük nəzarətində risklərin idarə olunması sistemi tətbiq edilir. Bu sistem haqqında qısa məlumat verə bilərsinizmi? Risklərin idarə olunması sistemi bütün gömrük əməliyyatlarında tətbiq edilirmi və hansı mərhələlərdə tətbiq olunur?

- Risklərin idarə olunması idarəetmənin yeni növü deyil. Bu sistem indiyədək bankçılıq sahəsində, sığorta şirkətlərində, investisiya layihələri və digər maliyyə institutlarında, həmçinin bu və ya digər itki ehtimalı ilə əlaqədar dövri əməliyyatlarda tətbiq olunub və özünü təsdiq edib.

Müasir gömrük orqanları bu yanaşmadan öz resurslarının effektiv idarə olunması, ticarətin sadələşdirilməsi və fəaliyyətin şübhəli əməliyyatlar üzərində cəmləşdirilməsi üçün istifadə edirlər.

İlk növbədə, gömrük riskləri və ya gömrük işində risklərin idarə edilməsi sistemi anlayışına diqqət etmək lazımdır.

Gömrük Məcəlləsində risklər - gömrük qanunvericiliyinə əməl olunmaması ehtimalları kimi müəyyən olunub. Onlar şübhəli əməliyyatların ehtimal edildiyi - fiskal siyasət və qaçaqmalçılığın qarşısının alınması, valyuta nəzarəti və ekologiyanın qorunması kimi sahələrdə gömrük orqanlarının məşğul olduğu geniş spektrli məsələləri əhatə edir.

Risklərin idarə olunması sistemi özündə informasiyanın toplanması, məlumat bazasının yenilənməsi, risklərin təhlili, proseslərin monitorinqi, mənfi təsirin səviyyəsi və ehtimalının müəyyən olunması, risk profillərinin yaradılması və nəticələrin dövri monitorinqini ehtiva edən ümumi idarəetmə prosesidir. Bütün bu proses İKT-nin dəstəyi və geniş informasiya axınının emalı və risk profillərinin tətbiqi kimi müəyyən tətbiq mərhələlərində fəaliyyətin avtomatizasiyası olmadan həyata keçirilə bilməz. Elektron proqram mühitinin təkmilləşdirilməsində əsas stimul dövlət başçısının “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər” haqqında sərəncamı olub və bu, metodların inkişafı və təhlilin yanaşması, risk profillərinin tətbiqi, proseslərin monitorinqi və s. üçün təməl yaradıb.

Risklərin idarə olunması sistemində informasiya təhlili mühüm rol oynayır, əksər hallarda informasiyanın işlənilməsi uzun vaxt və böyük resurslar tələb edir. Dövlət Gömrük Komitəsinin nəzdində xüsusi yaradılmış gömrük risklərinin təhlili üzrə struktur bölmə təchizatın bir növünü və ya uyğun qanun pozuntusu növünü təhlil edərkən, elektron proqramlar vasitəsilə və əldə olan informasiyanın geniş spektrindən istifadə edərək, qanun pozuntuları ehtimallarının aktivliyinin və artma şərtlərinin dəyişməsinin monitorinqini aparır ki, nəticədə risklərin və gömrük nəzarətinə yanaşmaların minimallaşdırılması təklif olunur. Bu yanaşmalar spesifik proqram məhsulları vasitəsilə avtomatik rejimdə fəaliyyətin beş fazasından - ilkin məlumatlandırma, sərhəd-buraxılış məntəqələri, çatdırılma üzərində nəzarət, gömrük tərtibatı və gömrük nəzarəti postu fazalarından birində işləyən risk profillərində öz əksini tapır.

Risk profillərinin tətbiqi nəticəsində, istər buraxılış məntəqəsi olsun, istərsə də tərtibat prosesi, əməliyyat avtomatik olaraq dörd dəhlizdən birinə yönəldilir ki, bu da gömrük orqanları əməkdaşlarının fəaliyyətini müəyyənləşdirir. Risk dəhlizləri haqqında danışanda, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fərmanını qeyd etmək lazımdır. Burada risklərin idarə olunması sistemi tətbiqinin iki fazası birləşib ki, bu da gömrük orqanlarına sərhəd-buraxılış məntəqələrindəki fəaliyyətlərini qabaqcadan müəyyənləşdirməyə və resurslardan səmərəli istifadə etməyə, bununla da diqqətlərini daha riskli əməliyyatlara yönəltməyə və eyni zamanda, gömrük qanunvericiliyinə riayət edən şəxslərə məxsus malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsini sadələşdirməyə imkan verir.

Risklərin avtomatlaşdırılmış idarəetmə sistemi təkcə beş fazada deyil, həmçinin idxal, ixrac və tranzit istiqamətlərində də işləyir ki, bu da bizə fəaliyyətimizin strateji istiqamətini həyata keçirməyə imkan yaradır.

Yekun olaraq qeyd edim ki, sistemin bundan sonrakı inkişafı əməliyyatların daha çox şəffaflığına, sərf olunan vaxtın azaldılmasına və resurslardan səmərəli istifadəyə gətirib çıxaracaq.

- Dövlət Gömrük Komitəsi tərəfindən işlənib hazırlanmış və tətbiq olunan iş metodları, habelə proqram təminatı digər ölkələrdə və beynəlxalq təşkilatlarda, xüsusilə Ümumdünya Gömrük Təşkilatında yüksək qiymətləndirilib. Zəhmət olmasa, deyərdiniz, Azərbaycanın gömrük sahəsindəki təcrübəsini hazırda hansı ölkələr öyrənir və 2017-ci ildə hansı ölkələrlə analoji sazişlərin imzalanması planlaşdırılır?

- Bizə artıq Özbəkistan, Qazaxıstan, Ukrayna və Rusiyadan müvafiq müraciətlər daxil olub. Bundan başqa, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GIZ) Tacikistan, Qırğızıstan və Özbəkistanda gömrük xidmətlərinin modernizasiyası üzrə treninqlərin təşkili üçün bizə müraciət edib. Artıq bu sahədə təcrübəmizi Tacikistan və Qırğızıstanla bölüşürük. Biz tez-tez Banqkokda keçirilən iclaslarda iştirak edir, gömrük idarəçiliyində informasiya texnologiyalarının tətbiqi sahəsində Asiya və Sakit okean ölkələrinə kömək göstəririk. Azərbaycan bu sahədə ekspert sayılan 11 ölkənin sırasına daxildir.

- Xəbər verildiyi ki, “ASAN xidmət” mərkəzləri vasitəsilə ölkə ərazisinə müvəqqəti idxal olunan minik avtomobillərinin ölkədə olma müddətinin uzadılması xidməti həyata keçirilir. “ASAN xidmət” vasitəsilə gömrük sahəsində daha hansı funksiyalar həyata keçirilə bilər?

- Azərbaycan postneft dövrünə qədəm qoyub. Ölkənin yeni iqtisadi siyasətinin reallaşdırılmasında gömrük orqanlarının öhdəsinə böyük rol düşür. Sahibkarlığın inkişafının dəstəklənməsi və Azərbaycanın yeni reallıqları fonunda iqtisadi təhlükəsizliyin təminatı məqsədilə gömrük orqanlarının qarşısında mühüm vəzifələr qoyulub. Bununla əlaqədar, gömrük prosedurlarının sadələşdirilməsi və risklərin azaldılması üçün gömrük-biznes proseslərində ən yeni texnologiyaların və qabaqcıl metodların tətbiqi vacibdir. “ASAN xidmət” vasitəsilə daha çox gömrük xidməti imkanının yaradılması Dövlət Gömrük Komitəsinin fəaliyyətində bu cür prioritet istiqamətlərdən biridir.

Qeyd edim ki, 2016-cı ilin noyabrından “ASAN xidmət” mərkəzlərində müvəqqəti idxal olunan minik avtomobillərinin ölkədə olma müddətinin uzadılması xidməti həyata keçirilir. 2017-ci ildə isə gömrük qaydalarının pozulmasına görə inzibati qaydada müxtəlif cərimələrin ödənilməsi imkanını təmin etmək üçün “ASAN ödəniş” portalına inteqrasiya nəzərdə tutulur. Bununla yanaşı, gələcəkdə “ASAN xidmət” mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşkləri də qurulacaq.

- Bəs Dövlət Gömrük Komitəsi bütün nəzarət-buraxılış məntəqələrində “Tax Free” sisteminin işini təmin etməyi nə vaxta planlaşdırır?

- “Tax Free” sistemi ölkəmizin turizm sektorunda son illər ərzində görülən işlərin davamlılığını təmin etmək və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini möhkəmləndirmək məqsədi daşıyır. Bu sistemin tətbiqinə ilkin olaraq beynəlxalq hava limanlarında başlanılıb. Ancaq bu tətbiqlə əlaqədar yaradılan işçi qrupu tərəfindən digər sərhəd-keçid məntəqələrində də müvafiq işlər görülür və qısa zamanda “Tax Free” sisteminin tətbiqi ölkəmizin bütün sərhəd-gömrük məntəqələrində həyata keçiriləcək.

Onu da qeyd edim ki, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib. Və mövcud qaydaya uyğun olaraq elektron vergi hesab-faktura sistemi vasitəsilə portala daxil edilən aidiyyəti məlumatlar əsasında alıcı tərəfindən şəxsiyyətini təsdiq edən sənədi gömrük-sərhəd buraxılış məntəqəsində təqdim etməklə mallar üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması müvafiq təsərrüfat subyekti tərəfindən həyata keçirilir.

Dünyada ƏDV tətbiq edən 130 ölkə “Tax Free” sisteminə qoşulub ki, bu sistemin tətbiqi xarici turistlərin ölkəyə cəlb edilməsinə və onların ölkə ərazisində daha çox mal almaqla, pərakəndə ticarətdə satış dövriyyəsinin artmasına, ixracyönümlü malların istehsalının stimullaşdırılmasına, eyni zamanda ölkəyə xarici valyuta axınının artmasına gətirib çıxaracaq.

- 2016-cı ildə daxili bazarı qorumaq üçün bir sıra malların idxalına qoyulan rüsumlar artırıldı. Bu siyasətin 2017-ci ildə də davam etdirilməsi planlaşdırılırmı? Əgər planlaşdırılırsa, bu il hansı mallar üzrə rüsumlar dəyişdiriləcək?

- Azərbaycanda yeni yaradılmış istehsal sahələrinin inkişafı və genişləndirilməsi, son məhsul istehsalının artırılması və xarici bazarlara çıxışa əlverişli şəraitin yaradılması, həmçinin daxili bazarın qorunmasını təmin etmək məqsədilə tətbiq edilən gömrük tariflərinin təkmilləşdirilməsi zərurəti nəzərə alınır.

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli, 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 367 nömrəli qərarına əsasən, yerli istehsal sahələrini, əsasən kənd təsərrüfatı məhsulları, emal və tikinti materialları sənayesini qorumaq məqsədilə bir sıra mal mövqeləri üzrə idxal rüsumları artırılıb.

Ümumdünya Gömrük Təşkilatı tərəfindən qəbul edilmiş Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonik Sistemin 2017-ci il variantı əsasında, Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası, “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri” və “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri” layihələri təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim edilib.

Yeni yaradılmış istehsal sahələrini qorumaq məqsədilə aidiyyəti mərkəzi icra orqanları tərəfindən təhlillərə əsaslanan bu layihələr təsdiq olunduğu təqdirdə, Azərbaycanda tətbiq edilən idxal gömrük rüsum dərəcələrinin təkmilləşdirilməsi prosesi 2017-ci ildə də rəy və təkliflər bildirilməklə həyata keçirilə bilər.

- Bir çox sahibkarlar yerli məhsulların dəyərinin azaldılması və ölkədə istehsalın stumullaşdırılması məqsədilə yerli istehsalda istifadə olunan xammala gömrük rüsumlarını azaltmağı təklif edirlər. Dövlət Gömrük Komitəsi bu addımı məqsədəuyğun sayırmı və xammal idxalına qoyulan rüsumların azaldılması planlaşdırılırmı?

- Azərbaycanda qabaqcıl ölkələrin gömrük işi sahəsində təcrübəsinin öyrənilməsi və tətbiqi, beynəlxalq tələblərə uyğunlaşdırılan gömrük qanunvericiliyinin yaradılması sahəsində görülən işlər, gömrük-tarif siyasətinin beynəlxalq təcrübəyə uyğun müəyyənləşdirilməsi tədbirləri daim davam etdirilir.

Bazar iqtisadiyyatı şəraitində ölkənin iqtisadi təhlükəsizliyini qorumaq və ümummilli maraqları müdafiə etmək dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət bu vəzifəni iqtisadi siyasətinin tərkib hissəsi olan gömrük siyasəti vasitəsilə yerinə yetirir. Bu sahədə gömrük siyasəti isə xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi metoduna əsaslanır.

Azərbaycanla azad ticarət sazişi bağlamış ölkələrdən idxal edilən və həmin ölkələrdə tam istehsal olunmuş mallara (mənşə sertifikatı CT-1 əsasında) idxal rüsumları tətbiq edilmir.

- Son zamanlar Azərbaycanda idxal-ixrac əməliyyatlarının həcmində azalma müşahidə olunur. Sizin fikrinizcə, cari ildə bu əməliyyatların həcminin artması gözlənilirmi?

- Son iki ildə mövcud qlobal maliyyə-iqtisadi böhran, dünya bazarlarında neft və neft məhsullarının qiymətlərinin kəskin aşağı düşməsi dünya ölkələrinin iqtisadiyyatında böyük dəyişikliklərin, o cümlədən makroiqtisadi göstəricilərin azalma tendensiyasının baş verməsinə səbəb olub. Bu baxımdan, əməliyyatların həcminin müəyyən qədər azalması təbii hal kimi qiymətləndirilir.

İdxalın həcminin azalmasına baxmayaraq, milli valyutamızın devalvasiyası hesabına 2016-cı ildə Dövlət Gömrük Komitəsi üzrə müəyyən edilmiş proqnoz 126,6 faiz yerinə yetirilib. İllik 1 milyard 810 milyon manat proqnoza qarşı faktiki olaraq 2 milyard 291,6 milyon manat gömrük ödənişləri yığılaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub. Həmçinin cari ilin 2 ayı ərzində büdcə proqnozu nəzərdə tutulandan 62,9 milyon manat artıq olmaqla 368,9 milyon manat gömrük ödənişləri yığılaraq dövlət büdcəsinə köcürülməsi təmin olunub.

Dünya coğrafiyasında mövcud maliyyə-iqtisadi böhran şəraitinin davam edəcəyi təqdirdə, xarici tərəfdaş ölkələrlə iqtisadi münasibətlərin bir qədər azalma tendensiyası gözləniləndir. Lakin iqtisadi böhran şəraiti nəzərə alınaraq hər bir ölkədə milli iqtisadiyyatın inkişafında mühüm rola malik olan yeni sahibkarliğın inkişafı prioritetliyini saxlamalıdır.

Bu baxımdan, ölkəmizdə idxalı əvəzləyəcək əsas istehlak mallarının yerli məhsullar hesabına artırılması üçün dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar stimullaşdırıcı tədbir kimi dəyərləndirilir. Burada investisiyanın təşviqi, ixracın stimullaşdırılması ilə əlaqədar təqdim olunan ixrac gömrük bəyannaməsinə uyğun olaraq malların dəyərinin 3%-i həcmində və eyni zamanda, bir sıra malların ixracına görə əlavə əmsalların tətbiqi ilə büdcədən əlavə vəsaitlərin ödənilməsi nəzərdə tutulur.

Qeyd olunanlara əsaslanaraq, bildirmək istəyirəm ki, artıq ölkədə əsasən ərzaq, tikinti və emal sənayesi səhələrində əhalinin istehlak tələbatını ödəyə biləcək kifayət qədər məhsullar istehsal olunur.

- İdxal-ixrac əməliyyatlarının azalması ilə yanaşı, Azərbaycan xarici iqtisadi tərəfdaşlarının sayını artırıb. Azərbaycan hansı ölkələrlə xarici ticarət əməkdaşlığı qurmağı planlaşdırır?

- Ötən il Azərbaycan ən böyük həcmdə xarici ticarət əməliyyatlarını Avropa İttifaqı, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Türkiyə və s. ölkələr daxil olmaqla, 186 ölkə ilə aparıb.

Ümumiyyətlə, son illər ərzində Azərbaycanla xarici ticarət aparan ölkələrin sayında artım müşahidə olunur və gələcəkdə bu artımın davam edəcəyi gözlənilir.

“Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidenti tərəfindən 1 mart 2016-cı il tarixli, 811 nömrəli fərman imzalanıb. Dövlət başçısının imzaladığı fərman ölkə daxilində malların istehsal və ixrac olunmasına böyük maraq yaradıb. Ölkənin istehlak bazarında istehlakçıların tələbatı ödənilməklə yanaşı, böyük həcmdə ərzaq, meyvə-tərəvəz, inşaat materialları, emal sənayesi sahələrində istehsal olunan mallar xarici bazarlara çıxarılır və rəqabətə davamlılığını qoruyub saxlayırlar.

Bu baxımdan, artıq yerli məhsullarımız “Made in Azerbaijan” brendi ilə Avropa, Asiya və MDB-yə üzv dövlətlərə ixrac olunur. Və xarici iqtisadi ticarət üzrə tərəfdaş ölkələrin sayı getdikcə artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti