Bakı. Trend:
“Azərbaycanın 2017-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib.
Palatadan Trend-ə verilən məlumata görə, kollegiya üzvləri rəy barədə fikir və təkliflərini bildirib, qanun layihəsinin Milli Məclisdə müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı qərar qəbul olunub.
İclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə hesabatlar da müzakirə olunub: dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaitlərinin formalaşması və istifadəsi ilə bağlı təhlilin nəticələrinə dair.
Kollegiyaya dəvət olunmuş Azərbacan Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Rüfət Həsənov və Mühasibat uçotu sektorunun müdiri Əkrəm Hətəmov da müzakirələrdə iştirak edib, kollegiya üzvlərinin suallarını cavablandırıblar.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, Hesablama Palatasının iş planında nəzərdə tutulmuş bir nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.