...

"Şəmkir Aqropark"ının Logistika Mərkəzində 274 nəfərin işləməsi nəzərdə tutulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2017 15:36 (UTC +04:00)
“Şəmkir Aqroparkı”nın fəaliyyətə başlayan Logistika Mərkəzinin ərazisi 12,3 hektardır.
"Şəmkir Aqropark"ının Logistika Mərkəzində 274 nəfərin işləməsi nəzərdə tutulur

Bakı. Trend:

“Şəmkir Aqroparkı”nın fəaliyyətə başlayan Logistika Mərkəzinin ərazisi 12,3 hektardır.

Trend-in məlumatına görə, Logistika Mərkəzinin uzunluğu 254 metr, eni 141 metr, hündürlüyü 14,60 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın “Maf Roda” şirkətinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri kalibirli meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik kalibirli meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur.

Burada İtaliyanın “Isolcell” şirkətinə məxsus tutumu 24.000 ton olan 71 ədəd ULO tipli soyuducu saxlama kameraları quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur.

İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsul yola sala bilən 1 terminal mövcuddur.

“Şəmkir Aqroparkı”nın Logistka Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya var. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır.

Logistika Mərkəzində meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu saxlama kameralarında saxlanılması müasir standartlara uyğun mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin, soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir. Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən “determing room” qurğusu (sutkada gücü 1 ton olan) da var.

Logistika Mərkəzində sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə “bir pəncərə” sistemi qurulub. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Atabank” kommersiya bankının müafiq strukturları fəaliyyət göstərəcək.

Aqroparkın kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25,0 meqavat gücündə elektrik stansiyası tikilib, 1 saatda buraxılışı 18.000 m³ olan 9 km qaz xətti, 48 portluq 22 km fibrooptik rabitə xətti çəkilib. Hazırda 11 km uzunluğunda dəmiryolu xəttinin çəkilməsi də layihələndirilir.

“Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində tam gücü ilə fəaliyyət göstərdiyi halda 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda burada 179 nəfər çalışır. Orta əmək haqqı 600 AZN-dir.

Mərkəzdə sahəsi 2.600 m² olan ofis binası, konfrans zalı, qarderob və yeməkxana işçilərin istifadəsinə verilib.

Mərkəzin ərazisində geniş abadlıq işləri aparılıb, 25.000 kv.m sənaye sahəsinə yaşıl ot örtüyü, 50.000 m2 sahəyə asfalt döşənib.

Mərkəzin ərazisində avtodayanacaq (o cümlədən, 25 TİR tipli yük avtomobillərinin dayana biləcəyi TIR PARK), helikopter meydançası, qazanxana və 45 kv-lıq yarımstansiya tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti