...

"Yalama Aqropark"da istehsal sahələri üzrə yüksək məhsuldarlıq əldə olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2017 11:00 (UTC +04:00)

Bakı. Trend:

“Yalama Aqropark” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində Azərbaycan Respublikasında yaradılmış ilk Aqroparkdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2013-cü il tarixli 254S nömrəli sərəncamı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən “Yalama” südçülük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı müəssisəsinə daimi istifadə üçün təhkim edilmiş 523 hektar torpaq sahəsinin əsasında özəl pilot təsərrüfat olaraq yaradılmışdır. Layihənin ilkin mərhələsinə uyğun olaraq, Yalama Aqroparkda 1113 baş sağmal olmaqla 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 460 hektar sahədə iri əkinçilik təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılmışdır.

Qarşıya qoyulan tapşırığa uyğun olaraq son 1 ildə Yalama Aqroparkın əkin sahələri 3 dəfə artırılmış və istehsal genişləndirilmişdir. Belə ki, Xaçmaz rayonu Müqtədir qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar torpaq sahəsi uzun müddətli icarəyə götürülmüş və əkin dövriyyəsinə qatılmışdır. Bununla da Yalama Aqroparkın əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan son bir ildə 1479 hektara çatdırılmışdır. Əkin sahələri genişləndirilməklə yanaşı idxal əvəzləyici xarakterə malik soya bitkisinin əkini aparılmış, həmçinin taxıl və qarğıdalı bitkisinin əkinin həcmi genişləndirilmişdir. Həmçinin heyvandarlıq kompleksinin genişləndirilməsi sahəsində işlər sürətlə davam etdirilir. Belə ki, heyvandarlıq kompleksinin istehsal gücü damazlıq istiqaməti üzrə 1300 baş sağmal inəyə qədər genişləndirilməsi, həmçinin əlavə olaraq istehsal tutumu 1000 baş olan yeni kökəltmə heyvandarlıq kompleksinin tikintisi üzrə işlərə start verilmişdir.

Yalama Aqroparkda istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə də ölkə üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunmuşdur. Belə ki, keçən əkin ilində dənlik qarğıdalı əkinində hektardan 15.6 ton məhsul yığılmışdır ki, bu da ölkə üzrə indiyə qədər əldə edilmiş ən yüksək məhsuldarlıq olaraq tarixə keçmişdir. Ümumilikdə son bir ilin istehsal nəticələrinə nəzər salsaq müəssisəmizdə 400 hektar sahədə arpa əkini, 128 hektar sahədə yonca, 170 hektar sahədə dən qarğıdalı, 300 hektar sahədə silosluq qarğıdalı əkini və 50 hektar sahədə soya əkini aparılmışdır. Ümumilikdə son 1 ildə 895 ton dən arpa və 1846.5 arpa senajı, 2600 ton yonca senajı və 900 min ton quru yonca otu, 1560 ton dən qarğıdalı və 4325 ton silosluq qarğıdalı istehsal edilmişdir. Hal-hazırda 200 hektar silosluq qarğıdalı sahəsində məhsul yığımı davam edir. Sentyabr ayı ərzində dən arpa və soya yığımı işlərinə başlanacaqdır. Heyvandarlıq sahəsi üzrə gündəlik istehsal həcmi hazırda 13 tona bərabərdir.

Yalama Aqropark hal-hazırda həm təsərrüfatda saxlanılan heyvan sayı, həmçinin daimi işçi heyətinin sayına görə ölkə üzrə fəaliyyət göstərən ən iri heyvandarlıq təsərrüfatlarından biridir. Hazırda təsərrüfatımızda cəmi heyvan sayı 2100 başa bərabərdir, təsərrüfata Avstriya və Almaniyadan gətirilmiş inəklərdən 2-ci laktasiya üzrə balaların alınması davam etdirilir. Həmçinin 300 yaxın dişi damazlıq düyələrdən növbəti il balalar alınacaqdır ki, onlarda sürü üzrə sağmal inək sayının artmasını təmin edəcəkdir.

Bu gün biz təsərrüfatın istehsal imkanlarının daha da genişləndirmək üzərində işlərimiz davam etdiririk. Heyvandarlıq kompleksində saxlanılan heyvan sayını artırmaq üçün ilk öncə yem bazasının da buna adekvat şəkildə artırılması tələb olunur ki, artıq buna nail ola bilmişik. Növbəti dövr üçün hədəfimiz təsərrüfatda əldə edilmiş cins damazlıq düyələrin və intensiv seleksiya işinin nəticəsində heyvandarlıq kompleksində heyvan sayını artıraq. Həmçinin ət istehsalını artırmaq üçün 1000 başlıq yeni kökəltmə fermasının tikintisinə başlanılması üzrə işlər davam etdirilir.

Heyvan sayının artırılması ilə yanaşı heyvandarlıq sahəsi üzrə itkilərin minimuma endirilməsi və digər keyfiyyət göstəricilərinə nail olmaq üçün işlərimizi davam etdiririk. Təsərrüfatda buzov itkilərinin 3% və inək itkilərinin 2% həcmindədir ki, bu da dünya üzrə heyvandarlıq sahəsi üzrə yaxşı nəticə hesab edilir. İstehsal nəticələrini daha da yaxşılaşdırmaq üçün müəssisəmizdə çalışan yerli mütəxəssislərin təlimlərə göndərilməsi, həmçinin Almaniya və digər inkişaf etmiş ölkələrdən təcrübəli ekspertlərin aqroparka dəvət edilməsi həyata keçirilir.

Yalama Aqroparkın yaradılma layihəsində müəssisədə süd emalı zavodu və intensivlik bağçılıq təsərrüfatının yaradılması da nəzərdə tutulmuşdur. Bu istiqamətdə texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmışdır. Əvvəldə da vurğuladığımız kimi hal-hazırda müəssisənin bütün resursları yeni əlavə edilmiş 956 hektar sahədə müasir suvarma sistemlərinin qurulması və heyvandarlıq təsərrüfatının istehsal imkanlarının genişləndirilməsinə yönəldilib. Bu layihələrin icrası nəticəsində Yalama Aqropark həm heyvandarlıq, həm də bitkiçilik məhsulları istehsalı həcmində əsaslı artıma nail olunacaq ki, bu da icrası planlaşdırılan digər layihələr üçün də əsas və dayanıqlı bir bünövrə olacaqdır.

Yalama Aqroparkda simmental cinsinə aid südlük-ətlik istiqamətli heyvanlar saxlanılır ki, onlarda südün keyfiyyət göstəricilərinə görə digər südlük cins heyvanlardan fərqlənir. İstehsal etdiyimiz südün yağlılıq dərəcəsi 4.2 % və daha yuxarı olduğundan tərəfdaşlıq etdiyimiz emal müəssisələri tərəfindən kərə yağı istehsalında geniş tətbiq edilir. Stabil keyfiyyətli süd istehsalı ilə ölkəmizin süd məhsullarına olan tələbatının ödənilməsində öz töhfəmizi verməyə çalışırıq. Yaxın gələcəkdə süd emalı zavodunun işə salınması ilə süd emalı məhsulları üzrə, həmçinin kərə yağı üzrə artan tələbatın ödənilməsi üçün öz töhfəmizi verməyi planlaşdırırıq.

Layihə üzrə müasir suvarma sistemləri olan dairəvi PİVOT-ların arasında suvarılmayan sahələrin intensiv bağçılıq üçün istifadəsi nəzərdə tutulub. Hazırda Yalama ərazisində qurulmuş müasir suvarma sistemləri üzrə intensiv meyvə bağlarının salınması üçün planlaşdırılan sahə 60 hektarı əhatə edir. Müqtədir ərazisində isə müasir suvar sistemlərinin yaradılması üzrə işlər aparıldığından həmin ərazidə salınacaq meyvə bağlarının sahəsi tam müəyyənləşdirilməyib. Həmçinin Müqtədir ərazisində PİVOT tipli suvarma sistemləri ilə yeraltı damcı suvarma sistemlərinin tətbiqi ilə bağlı görüşlər keçirilir. Suvarma sistemlərinin qurulması üzrə işlər yekunlaşdıqca meyvə bağlarının salınması işlərinə start veriləcəkdir. İlkin olaraq region üçün xarakterik olan şaftalı, gilas, nektarin və gavalı meyvələrinin əkini planlaşdırılır.

Yalama Aqroparkın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 20 milyon manat investisiya qoyulmuşdur. Qoyulmuş investisiya nəticəsində cins heyvandarlıq təsərrüfatı, yem zavodu və taxıl anbarları, k/t texnikası parkı, müasir suvarma sistemi və lazımi infrastruktur işləri icra edilmişdir. Ümumilikdə qoyulmuş investisiya nəticəsində layihənin 1-ci mərhələsi üzrə 170 daimi iş yerinin yaradılması, illik 4 milyon AZN dəyərində təbii süd və 1.5 milyon AZN dəyərində bitkiçilik məhsulları istehsalına nail olunmuşdur.

Dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin suvarma suyuna olan ehtiyacların ödənilməsində mühüm rol oynayan 3.2 kilometr uzunluğunda beton suvarma kanalı və tutumu 50 min kub metr olan su hovuzu tikilmişdir.

Layihənin 2-ci mərhələsi üzrə planlaşdırılan işlərin icrası üçün əlavə olaraq 10 milyon AZN investisiya qoyuluşu planlaşdırılır. Bununla aqroparkda yaradılacaq iş yerlərinin sayı 300-ü keçmiş olacaqdır.

Yalama Aqroparkda hazırda təbii süd və kəsimlik diri heyvan satışı həyata keçirilir. Satışlar əsasən ölkəmizdə fəaliyyət göstərən iri süd və ət emalı müəssisələrinə müqavilə əsasında aparılır. İstehsal etdiyimiz bitkiçilik məhsulları heyvandarlıq təsərrüfatının yemə olan tələbatının ödənilməsinə xidmət etdiyindən bitkiçilik məhsullarının satışı həyata keçirilmir.

Süd satışı sahəsində tərəfdaşlıq etdiyimiz bir neçə süd emalı zavodu öz məhsullarını Rusiya və digər xarici ölkə bazarlarına çıxarır. Əminliklə söyləmək olar ki, Yalama aqroparkda istehsal edilən süd artıq xarici ölkə bazarlarında Azərbaycan məhsulu adı ilə satılır. Lakin öz məhsulumuz və brendimiz olaraq məhsulların daxili və xarici bazara satışı süd emalı zavodu fəaliyyətə başladıqdan sonra mümkün olacaqdır. Həmçinin cins damazlıq heyvandarlıq təsərrüfatında yetişdirdiyimiz cins düyələrində satışı da nəzərdə tutulur.

Aqropark olaraq istehsalımızda geni dəyişilmiş toxum və yem qatqılarından imtina etmişik. Bitkiçilik məhsullarının istehsalı prosesində bütün qəbul edilən aqro-texniki qaydalara əməl edirik. Bununla da yüksək məhsuldarlığa nail olmaqla yanaşı torpağın münbitliyinin qorunması və yüksəldilməsinə çalışırıq. Həmçinin heyvandarlıq təsərrüfatında heyvanların yemlənməsində heç bir GMO və hormonal tərkibli yemlərdən istifadə edilmir ki, bu da məhsullarımızın yüksək keyfiyyəti və faydalılığın təmin edir.

Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında istifadəmizə verilən 956 hektar əkin sahəsində müasir suvarma sisteminə malik bitkiçilik təsərrüfatının qurulması işləri icra edilir. Ərazi daxili drenaj və kollektor sistemləri təmizlənmiş, ərazi daxili suvarma kanalları bərpa edilmişdir. Həmçinin əkinlərin daimi suvarma suyu ilə təmini üçün "Meliorasiya və Su Təsərrüfatı" ASC ilə əraziyə daimi su mənbəyi olan “Xanarx” və digər suvarma kanallarından beton kanalların çəkilişi üzrə layiləndirmə işləri aparılır. Əraziyə 2 müxtəlif suvarma mənbəyindən 10 km yaxın beton suvarma kanalının çəkilməsi və 2 ədəd tutumu 50 min kubmetr olan su hovuzunun tikilməsi nəzərdə tutulub. Həmçinin müasir suvarma sistemlərinin qurulması üçün Valley, Reinke və Lindsay kimi dünyaca məşhur şirkətlər ilə danışıqlar aparılır.

Hal-hazırda heyvandarlıq kompleksinin tutumunun 1300 baş sağmal inəyə çatdırmaq və Müqtədir ərazisində 1000 başlıq ətlik heyvandarlıq kompleksinin tikintisi üzrə layihələndirmə işləri icra edilir.

Heyvandarlığın artan yem tələbatını təmin etmək üçün tutumu 6500 kubmetr olacaq taxıl anbarı (silo) və qurutma gücü 25 ton olan yeni qurutma sisteminin qurulması üzrə işlər davam etdirilir.

Yalama Aqropark ilk aqropark olaraq fəaliyyətə başlamaqla cənab Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə icra edilən aqroparkların yaradılması işləri üçün bir nümunə və ya “brendə” çevrilmişdir. Biz məmnuniyyətlə digər böyük layihələrin yaradılması işində də öz təcrübəmizi bölüşür və dəstək olmağa çalışırıq. Yalama Aqroparka məxsus milli istehsal brendlərinin yaradılması emal müəssəsi fəaliyyətə başladıqdan sonra mümkün olacaqdır.

Həmçinin aqroparkın fəaliyyəti regionda yaşayan və fəaliyyət göstərən kiçik və orta k/t məhsulları istehsalçıları üçün də əlavə üstünlüklər qazandırmışdır. Bu əkin ili üzrə heyvandarlıq təsərrüfatının ehtiyacları üçün regionda olan fermer təsərrüfatlarından 1000 tona yaxın dən arpa və 500 min kq arpa samanı alışı həyata keçirilmişdir. Bunu müəssisəmizin regionun inkişafı üçün verdiyi digər bir töhfə olaraq vurğulamaq istərdik.

Biz Yalama Aqropark olar təkcə k/t məhsullarının istehsal ilə deyil, həmçinin ölkədə kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığına da öz töhfəmizi verməyə çalışırıq. Bu istiqamətdə k/t sahəsi üzrə ölkədə fəaliyyət göstərən ali təhsil və digər təhsil pilləsi müəssisələri ilə əməkdaşlıq edirik. Yay aylarında gənclər üçün yay təcrübə proqramı yaradılmışdır ki, bu da region və digər bölgələrdən olan gənclərə k/t üzrə praktik biliklər əldə etmək imkanı yaratmışdır. Məmnuniyyətlə bildirmək istərdik ki, hazırda müəssisəmizdə çalışan 170 işçinin hamısı yerli mütəxəssislərdir. Onların ixtisas üzrə bilik və bacarıqlarını genişləndirilməsi üçün müəssisə olaraq səylərimizi davam etdiririk. Keçən bir il ərzində 2 əməkdaşımız Almaniyada, 2 əməkdaşımız Türkiyədə 2-3 həftəlik təlimlərdə iştirak etmişdir. Həmçinin 3 alman mütəxəssisin iştirakı ilə müəssisəmizdə 3 həftə ərzində yerli mütəxəssislər üçün təlimlər təşkil edilmişdir.

Əlaqə üçün:

Yalama Aqropark MMC
Xaçmaz rayonu, Yalama kəndi

Tel: + 994 12 310 04 31
Fax: +994 12 505 15 31
Mobil: + 994 50 228 62 50

Mail: [email protected]
Web: www.agroparkyalama.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti