...

AYİB Azərbaycanda özəl sektora 1,7 mlrd. dollar kredit ayırıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2017 18:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat naziri, AYİB-də Azərbaycandan müdir Şahin Mustafayev ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla AYİB arasında əməkdaşlıq, AYİB-in maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən mövcud və prioritet layihələr, eləcə də əlaqələrin daha da dərinləşdirilməsinə dair müzakirələr aparılıb.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və AYİB arasında əməkdaşlıq yüksək səviyyədədir. Ölkəmiz Bankla əlaqələrin inkişafına önəm verir və S.Çakrabartinin ölkəmizə səfərləri Bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisidir. Beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.

İqtisadiyyat naziri AYİB-in Azərbaycanda infrastruktur, enerji, su təchizatı, nəqliyyat sahələrində müxtəlif layihələri maliyyələşdirdiyini, banklara kredit xətti açdığını, özəl şirkətlərə birbaşa kredit ayırdığını qeyd edib. Görüşdə AYİB-in Azərbaycanda özəl sektorda 151 layihənin maliyyələşdirilməsinə 1,7 mlrd. ABŞ dolları məbləğində kredit ayırdığı və bunun əhəmiyyəti vurğulanıb.

Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, xüsusilə də özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın prioritetləri barədə məlumat verib və bütün bunların ölkəmizlə AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaratdığını diqqətə çatdırıb.

AYİB prezidenti S.Çakrabarti Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edib, belə səfərlərin Azərbaycan və bank arasında müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb. S.Çakrabarti ölkəmizlə AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə Cənub Qaz Dəhlizinə AYİB-in maliyyə dəstəyi, nəqliyyat infrastukturu, məişət tullantılarının idarə olunması və özəl sektora dəstək layihələri müzakirə olunub, AYİB-in Azərbaycanda kredit portfeli təhlil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti