...

Azərbaycanda müəssisələrin mütləq əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq müəssisələrindən ibarətdir - Sahib Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2023 14:21 (UTC +04:00)
Azərbaycanda müəssisələrin mütləq əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq müəssisələrindən ibarətdir - Sahib Məmmədov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda da, əksər ölkələrdə olduğu kimi, fəaliyyət göstərən müəssisələrin mütləq əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq müəssisələrindən ibarətdir.

Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.

Onun sözlərinə görə, son illərdə dövlət tərəfindən milli iqtisadiyyatın diversifikasiyası və rəqabətqabiliyyətli sektorların iqtisadi inkişafının təşviqi üzrə tədbirlər çərçivəsində kiçik və orta sahibkarlığa səmərəli dəstək və dayanıqlı inkişaf istiqamətində məqsədyönlü siyasət həyata keçirilir.

"Dövlət kiçik və orta biznesin (KOB) inkişafına dəstək, o cümlədən, biznes mühiti, yeni təşkilati modellər, dəstək tədbirləri və müasir xidmətlər üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər birbaşa olaraq mikro, kiçik və orta sahibkarlığa yönəlib. Bununla yanaşı, 2017-ci ildə KOB üzrə ümumi dəstək proqramı çərçivəsində, qeyd olunan sektorda dövlət siyasətinin təkmilləşdirilməsi və görülən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaradılıb. KOBİA müxtəlif müəssisə və təşkilatların fəaliyyətini koordinasiya edir. KOBİA-nın yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılıb", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum 2023) keçirilib.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, biznes assosiasiyalar və iş adamları iştirak ediblər.

Tədbirin məqsədi kiçik və orta biznesin dəstəklənməsi və inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə də Azərbaycanın əlverişli biznes mühitini və potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaqdan ibarət olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti